“Əsas məqsədimiz təlim-məşq toplanışına dəvət alan futbolçuları çətin oyunlarda sınayıb, yığma üçün nə dərəcədə səmərəli olduğunu müəyyənləşdirməkdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayev deyib.
Gənc çalışdırıcı Türkiyənin Antalya şəhərindəki toplanış çərçivəsində İsveçrənin "Qrasshopper" klubunun U-19 komandası ilə keçirilən matç haqda fikirlərini AFFA-nın rəsmi saytına açıqlayıb: “Qarşımızda Avropa çempionatının ilkin seçmə mərhələsini adlamaq vəzifəsi var. Oyunla bağlı onu deyə bilərəm ki, səhər məşqində verdiyim tapşırıqların meydanda yerinə yetirilməsindən razı qaldım. Məni sevindirən məqamlardan biri isə son saniyələrdə Səid İbadovun qol vurub, oyunun qəhrəmanı olmasıdır”.
Qeyd edək ki, yığmamız İsveçrə təmsilçisini 3:2 hesabı ilə məğlub edib.