Millimizin futbolçuları Norveç klubuna qarşı oynadı
27.01.2014 - 18:54
Millimizin futbolçuları Norveç klubuna qarşı oynadı
İspaniyanın La-Manqa bölgəsində hazırlıq keçən “Fortuna” burda 2-ci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Almaniyanın 2-ci Bundesliqa klubu Norveçin “Odd” klubu ilə qarşılaşıb.

Görüş qolsuz bərabərliklə başa çatıb. 21 yaşadək futbolçulardan ibarət millimizin üzvləri olan Tuğrul Eratla Ərən Taşkın da bu matçda forma geyinib. Ötən yoxlama oyununda qol vuran milləşdirilmiş futbolçularımız qarşılaşmaya start heyətində meydana çıxıb. Erat cinah yarımmüdafiəçisi kimi 90 dəqiqə oynayıb. Hücum xəttində meydana çıxan Taşkın isə 80-ci dəqiqədə Gürcüstan millisinin hücumameyilli yarımmüdafiəçisi Levan Keniya ilə əvəzlənib. Bununla da 7-ci yoxlama oyununa çıxan və 4 qol vuran Tuğrul 491 dəqiqə, 6 hazırlıq matçında 2 dəfə fərqlənən Ərən isə 338 dəqiqə meydanda olmaq imkanı əldə edib.

Qeyd edək ki, futbolçularımız “Fortuna”nın Hollandiyanın “Meerssen” (3:0), Almaniyanın “Ştrümp” (7:0) və Perunun “Alyansa” (2:1) klubları ilə yoxlama oyunlarında fərqlənməyi bacarıb.