“Ən böyük hədəfimiz Avroliqanın qrup mərhələsinə qatılmaqdır”. Apasport.az saytının məlumatına görə, bunu millimizin və “Sivasspor”un hücumçusu Cihan Özkara deyib.
“Sivasspor”un Almaniya doğumlu futbolçuları Cihan Özkara ilə Fatih Kıran “Uşaq və Gəncləri Sosial Qoruma və Dəstək” proqramı çərçivəsində tədbirdə iştirak edib. Onlar Buruciyə Mədrəsəsində idman litseyi tələbələri ilə görüşüb.
Burda tələbələrin suallarını cavablandıran Özkara universitetdə oxumağı istədiyini bildirib: “Xəyallarınızı gerçəkləşdirə biləcəyinizə, hədəflərinizə çatacağına inanın. Önəmli olan inanmaqdır. Məsələn, mən nə istədiyimi, nəyi bacaracağımı da bilirdim. Güclü idim və ayaqda qaldım. Hamı istədiyi şeyə çata bilər, yetər ki, güclü olsun. Universitet həyatımın olmasını istəyərdim, amma həyatımda futbol vardı”.
3 mövsümdür ki, “Sivasspor”da çıxış edən cari mövsümü dəyərləndirməyi də unutmayıb: “Bu il bizim üçün həqiqətən çox uğurlu keçdi. Həm hədəfimizə çatdıq, həm yuxarı sıralara çıxdıq. Çox gözəl matçlarda oynadıq. “Beşiktaş” ilə oyun unuda bilməyəcəyim matçlardan biridir. Öz evimizdə gözəl bir qələbə qazandıq. Avroliqada iştirak etməyi təmin etdik. Hədəfimiz təbii ki gedə biləcəyimiz qədər uzağa getməkdir. Ən böyük hədəf isə qrup mərhələsinə çıxmaqdır. Hələ çempionat bitməyib, neçənci mərhələdən Avroliqaya başlayacağımız bəlli deyil. Amma məqsədimiz ən irəliyə qədər getməkdir. İnşallah, qruplara qalarıq”.
Qeyd edək ki, hazırda Türkiyə Superliqasında IV pillədə qərarlaşan “Sivasspor” mayın 18-də “Kardəmir Karabükspor”un qonağı olacaq. Nəticədən asılı olmayaraq, Cihan Özkara karyerasında ilk dəfə Avroliqa həyəcanı yaşayacaq.