Millimizin futbolçusu: Mütləq qalib gəlməliyik
19.02.2014 - 09:40
Millimizin futbolçusu: Mütləq qalib gəlməliyik

“Qarşıdakı turda heç-heçə edə bilmərik. “Bohum”la qarşılaşmada qalib gəlməyə borcluyuq. Yoxsa liderlər qrupundan daha da uzaq düşəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Tuğrul Erat deyib.

Almaniyanın “Fortuna” (Düsseldorf) klubunda çıxış edən gənc hücumçu II Bundesliqanın növbəti turu ilə bağlı fikirlərini açıqlayıb: “Ötən turda da qol sevincimi istədiyim kimi yaşaya bilmədim. Buna səbəb “Union”la görüşdə hesabı açdıqdan sonra passivləşməyimiz səbəb oldu. Nəticədə rəqib məğlubiyyətdən qaçdı. Düşünürəm ki, növbəti matçlarda da start heyətində meydana çıxacam. Belə imkan qazansam, etimadı doğrultmağa çalışacam”.


Qeyd edək ki, 21 turdan sonra 27 xalla 11-ci olan “Fortuna” Bundesliqaya vəsiqə şansı verən 3-cü yerdən 8 xal geri qalır.