Millimizin müdafiəçisi Mahir Şükürov şərəfini qoruduğu "Karşıyaka"dan FİFA-ya şikayət edib. Apasport.az saytının məlumatına görə, buna təmsilçimizin 2 aylıq əmək haqqını İzmir klubundan ala bilməməsi səbəb olub.
Türkiyə mətbuatı iddia edir ki, "Karşıyaka"nın 33 yaşlı futbolçumuza 55 min dollar borcu var. Sabaha qədər həmin pul Mahirə verilməsə, o, azad agent statusu alacaq. Lakin Şükürovun komandası onu heyətdə saxlamaq niyyətindədi. Bunun üçün klub rəhbərliyi çalışır ki, həmin vəsaiti yığmamızın sağ cihan müdafiəçisinə ödəsin və Mahir mövsümü “Karşıyaka”nın heyətində başa vursun.
Qeyd edək ki, daha əvvəl İzmir klubu eyni problemlə üzləşmişdi. Həmin vaxt "Karşıyaka" futbolçuları Berkan Əmir və nigeriyalı Çikeluba Ofoedunun pulunu verə bilmədiyi üçün sözügedən oyunçular komandanı tərk etmək məcburiyyətində qalmışdı.