Millimizin üzvü 48 dəqiqə oynadı
29.09.2014 - 10:08
Millimizin üzvü 48 dəqiqə oynadı

Əsas millimizin hücumçusu Dmitri Nazarov çıxış etdiyi “Karlsrue”nin heyətində növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Karlsrue təmsilçisi 2-ci Bundesliqanın VIII turu çərçivəsində turnir cədvəlinin “ilk 3-lüy”ündə qərarlaşan “İnqolştadt”la qarşılaşıb.

 

Görüş qonaq komanda olan “İnqolştadt”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qolu “Karlsrue”nin yamaykalı müdafiəçisi Daniel Qordon 39-cu dəqiqədə öz qapısından keçirib. Bundan 3 dəqiqə sonra isə Nazarov meydana buraxılıb. O, fransalı mərkəz yarımmüdafiəçisi Qaetan Krebsi əvəzləyib.

 

Qeyd edək ki, bu nəticədən sonra “İnqolştadt” liderliyə yüksəlib. Ardıcıl 2 oyunda məğlubiyyət alan “Karlsrue” isə VIII pilləyə düşüb. Bir üst pillədə millimizin digər üzvü olan Tuğrul Eratın çıxış etdiyi “Fortuna” qərarlaşıb.