“Çelsi” futbol klubunun baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında PSJ-yə qarşı oyunu dəyərləndirib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis isveçli futbolçu Zlatan İbrahimoviç barəsində də xoş sözlər deyib.
Mourinyo bildirib ki, PSJ-nin iştirakı keçirilən bir çox oyunları izləyir: “Loran Blanın dəqiq strategiyası var. Parislilər hətta 3 yarımmüdafiəçini dəyişsələr belə, həmin strategiyaya əməl edirlər. Amma bizim də dəyişmək niyyətində olmadığımız öz strategiyamız var. Biz etdiyimiz hər şeyə inanırıq. İlk baxışdan, PSJ son 10 ildə “Çelsi” kimi təcrübəyə malik olmayıb. Amma diqqətlə baxsaq, tamamilə başqa mənzərəni görərik. PSJ-nin bir çox oyunçusunun çox böyük təcrübəsi var”.
Portuqaliyalı baş məşqçi keçmiş oyunçusu, hazırda PSJ-də oynayan isveçli hücumçu Zlatan İbrahimoviç barəsində də xoş sözlər söyləyib: “Zlatan məşqçi üçün çətin futbolçu deyil. Çətin o futbolçudur ki, ona oynamaq və qalib gəlmək istəyi çatmır. Bu Zlatan barəsində deyil. Onunla işləmək çox gözəl olardı. Biz dostuq. Amma bu qarşıdurmada o da, mən də qalib gəlmək istəyirik”.