“İlk dəfə idi ki, “Böyük oyun”da iştirak edirdim. Matçın önəmli olduğun bilirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli deyib.
“Xəzər Lənkəran” bu gün Topaz Premyer Liqasının XX turu çərçivəsində qəbul etdiyi “Neftçi” ilə bərabərə qaldı. Oyunun gedişində 0:2 hesabı ilə geridə olan cənublular son dəqiqələrdə gələn qollarla məğlubiyyətdən qaçdılar.
Türkiyəli mütəxəssis qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb: “Komandamızın meydana nəyə görə həyəcanlı başladığını bilmirəm. Etiraf edim ki, ilk hissədə “Neftçi” yaxşı oynadı. Lakin fasilədən sonra üstünlük bizdə idi. 0:2 hesabı ilə geridə olduğumuz halda, matçı bərabər bitirmək bizim üçün sevindirici haldır. 2 xal itirdik, yoxsa 1 xal qazandıq, bunu deyə bilmərəm. Eşitdim ki, “Neftçi” hakimlikdən şikayət edib. Səbəb nədir, anlamadım. Məgər biz qolu qaydalar çərçivəsində vurmadıq? Biz çempionatı bu hakimlərlə davam edəcəyik. Ona görə də, onlara inanmaq lazımdır. Təqvimimiz çox ağırdır. Ötən tur lider “Qarabağ”la oynadıq, indi “Neftçi” ilə, növbəti turda isə “Qəbələ” ilə qarşılaşacağıq. Lakin çox çalışırıq. İnanıram ki, əziyyətimizin bəhrəsini görəcəyik”.