[b]Mustafa Dənizli: Nə vaxtsa uduzmalı idik[/b]
19.02.2014 - 19:33
[b]Mustafa Dənizli: Nə vaxtsa uduzmalı idik[/b]

“Nə vaxtsa uduzmalı idik. O da bu günə təsadüf etdi”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli deyib.

 

Cənub təmsilçisi Topaz Premyer Liqasının XXII turunda bu gün öz meydanında “Bakı”ya 0:2 hesabı ilə uduzdu. Oyundan sonra təşkil olunan mətbuat konfransında türkiyəli çalışdırıcı yenilgiyə belə şərh verib: “Futbol səhvlər üzərində qurulub. Ancaq bu gün bəsit xətalara yol verdik. Bunda ağır qrafikin də rolu oldu. Yerli oyunçular bu qrafikə tab gətirə bilmədilər. Onları qınamıram. Rahid Əmirquliyev zədələndikdən sonra onu əvəzləməyə layiq yerli futbolçu tapa bilmədik. Bu, məğlubiyyətə bəhanə ola bilməz. Sadəcə, yaxşı oynamadıq”.

 

Qeyd edək ki, bu, Mustafa Dənizlinin “Xəzər Lənkəran”ın baş məşqçi postuna gəlişindən sonra ilk məğlubiyyəti olub.