AFFA İntizam Komitəsi (İK) bu gün keçirdiyi iclasında I dəstənin XVII turunun oyunlarında qeydə alınmış qayda pozuntuları ilə də bağlı qərarlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ən çox qaydaların pozulduğu görüş “Araz Naxçıvan” – “Şahdağ” matçı olub.
Belə ki, oyunun 13-cü dəqiqəsində “Araz Naxçıvan”ın gürcüstanlı hücumçusu David Canalidze ilə “Şahdağ”ın müdafiəçisi Vüqar Əlibabayev dalaşıb. Bunun nəticəsində hər 2 oyunçu birbaşa qırmızı vərəqə alıb. İK bu futbolçuları 4 oyunluq cəzalandırıb, onların klublarına isə 400 manat ödəmək öhdəliyi qoyub. Bundan başqa, Qusar təmsilçisinin rusiyalı müdafiəçisi Abdulla Zülfiqarov 80-ci dəqiqədə ikinci sarı vərəqə ilə meydandan qovulduğu üçün 1 matç meydana çıxmamaq cəzası alıb.
Qeyd edək ki, David Canalidzeni ölkəmizə ötən mövsüm Əsgər Abdullayev gətirib. O, “Turan”da çalışarkən gürcü futbolçu Premyer Liqada çıxış edib.