Türkiyənin PTT I Liqasında IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin çıxış etdiyi "Girəsunspor"la 21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü Timur Temeltaşın formasını geyindiyi "Altınordu" üz-üzə gəlib.
Oyunda hərəyə bir dəfə fərqlənən tərəflər xalları yarı bölüb – 1:1.
Komandalarının heç-heçə etdiyi matçda təmsilçilərimiz qarşılaşmanın iştirakçısı olmayıb. Timur zədə səbəbindən son 2 çempionat və 1 kubok oyununu buraxıb.
Qeyd edək ki, PTT I liqasının ilk 3 turunda yeni komandasında debüt etməyən Ayaz yalnız Türkiyə kubokunun II turunda “Sakaryaspor"la oyunda meydana çıxıb. Təmsilçimizin komandasının 7:6 hesablı (ümumi hesab 9:8) qələbəyə sevindiyi görüşdə o, matçın 70-ci dəqiqəsində Əbduləziz Solmazı əvəzləyib. Penaltilər seriyasında isə "Girəsunspor"un 9-cu penaltisini vurub. Lakin Mehdiyevin zərbəsi dəqiq olmayıb.