Nedo Turkoviç: Bu komanda çempion olacaq - MÜSAHİBƏ
04.03.2014 - 00:01
Nedo Turkoviç: Bu komanda çempion olacaq - MÜSAHİBƏ

 

 

AZAL klubunun hücumçusu Nedo Turkoviçin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXIV turunda “Rəvan”ı məğlub edəcəyiniz gözlənilirdi. Amma əksi qeydə alındı. Səbəbini izah edə bilərsiniz?

 

- Məğlub olsaq da, yaxşı oynadığımızı deyə bilərəm. Qol vurmaq üçün imkanlarımız oldu. Müdafiəçimizin səhvindən sonra rəqib qol vurdu. Həmin qol avtoqol idi. Bu nəticəni qəbul etmək çətindir. Çalışacağıq ki, hazırkı vəziyyətdən çıxaq.

 

- Təxminən yarım saat meydanda say üstünlüyü əldə etsəniz də, bundan istifadə edə bilmədiniz...

 

- Rəqib 11 nəfərlə oynayanda biz daha yaxşı çıxış oynayırdıq. Onlar azlıqda qaldıqdan sonra nə baş verdiyini anlaya bilmədim. Səbəbini deyə bilmərəm... Vacib olanı odur ki,  şanslardan maksimum istifadə edəsən. Sən vurmasan, rəqib şansını əldən verməyəcək. “Rəvan” cəmi bir şans yaxaladı, amma maksimum istifadə etdi.

 

- “Rəvan”ın cari mövsümdə AZAL-la oyuna qədər doğma meydanda qələbə qazana bilmədiyini bilirdinizmi?

 

- Yox, xəbərim yox idi. Özümüz də qələbə qazanacağımıza əmin idik. Amma alınmadı. Artıq bu oyun haqda danışmağın mənası yoxdur. Qarşıdakı matçlar haqda düşünməli, bu vəziyyətdən çıxmalıyıq.

 

- Sizin də fərqlənmək üçün şanslarınız oldu, lakin istifadə edə bilmədiniz. Niyə?

 

- Futbol komanda oyunudur. Biz komanda olaraq əlimizdən gələni etdik. Təəssüf ki, səylərimiz bəhrəsini vermədi. Lakin rəqibin bir həmləsi qolla nəticələndi. Onların oyun planında bizi üstələdiyini heç kim iddia edə bilməz.

 

- AZAL-a qış fasiləsində qoşuldunuz. Komandanız sizin gəlişinizdən sonra qələbəyə həsrət qalıb. Bu hal sizi məyus edirmi?

 

- Əlbəttə məyus edir. Ancaq hələ çempionat başa çatmayıb. Qarşıda 12 tur var. Bu oyunlar zamanı qələbələr qazanıb, uğursuz seriyaya son qoyacağıq. Komandada özünəinam, əminlik yaratmaq üçün bir qələbəyə ehtiyacımız var. Bundan sonra hər şey qaydasına düşəcək.

 

- AZAL-ın formasında 4 qol vurmusunuz. Uyğunlaşma mərhələsini adladığınızı düşünmək olarmı?

 

- Bəli, vurduğum qollar adaptasiya prosesini uğurla keçdiyimi göstərir. Qazaxıstanda olan zaman bir qədər çətinlik çəkirdim. Ancaq burada bunu hiss etmədim. Bu işdə komanda yoldaşlarımın da əməyi az deyil. Onlar məni yaxşı qəbul etdilər. Özümü burada xoşbəxt hiss edirəm. Daha çox qol vurub, komandama faydalı olmaq istəyirəm.

 

- Turnir cədvəlində sıxlıq yaranıb. Bura gələn zaman Topaz Premyer Liqasının bu qədər gərgin keçəcəyini gözləyirdinizmi?

 

- Turnir cədvəlini daim izləyirdim. Xal fərqinin azlığını görürdüm. Sadəcə, bizə bir qələbə lazımdır. Çünki altıncı pillə ilə xal fərqimiz elə də böyük deyil. Bir neçə oyunda qələbə qazansaq, onlara çatacağıq. Ancaq üst sıralar haqda danışsaq, hər bir komandanın çempion olmaq şansının davam etdiyini deyə bilərəm. Çempionatın maraqlı keçdiyini də vurğulamaq istərdim.

 

- Yəqin ki, qarşılaşmadığınız komandaların da oyunlarını izləyirsiniz. Hansı komandanın oyunu xoşunuza gəlir?

 

- Hələ bütün komandalarla qarşılaşmamışıq. Üz-üzə gəldiyimiz 6 komanda arasında ən çox bəyəndiyim “Xəzər Lənkəran” olub. Amma ümumi götürdükdə “Qarabağ” bir addım öndədir. Çünki onların əsas heyətdə çıxış edə biləcək 20 futbolçusu var. Yəni seçim imkanları genişdir. Böyük ehtimalla, bu komanda çempion olacaq.

 

 

0