“Neftçi” rəsmisi Güloğlan Cabbarov Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun ünvanın sərt ifadələr işlədib. Apasport.az saytı xəbər verir ki, ötən il ölkə kubokunun finalındakı qalmaqala görə klubdan uzaqlaşdırılan, lakin sonradan geri qaytarılan Cabbarov “facebook”dakı profilində fikirlərini bölüşüb.
Topaz Premyer Liqasının XX turu çərçivəsində baş tutan “Xəzər Lənkəran” – “Neftçi” görüşündə (2:2) hakimlikdən narazı qalan Güloğlan bəy 6-7 cümləlik nöqtə, vergülsüz status yazıb.
Onun fikirlərini düzəlişlərlə diqqətinizə çatdırırıq: “Xaqani Məmmədov kimi baş hakim 2002-ci ildə Azərbaycanı necə 2 il futbolsuz qoymuşdusa, indi də həmin vəziyyətdir. Neçə ki, şərəfli, namuslu futbol adamları, hakimlər kənarda qalıb, belə də olacaq. Kimlər ki, bunların “zakaz”larını yerinə yetirmirlər, onları ləkələyib, futboldan silirlər. Neçə ki, Hakimlər Komitəsi ayrıca bir qurum olmayıb, PFL-dən asılıdır, neçə ki, hakimlərin başında özünə hörmət qoymayan, puldan ötrü hər şeyini satan insanlar duracaq, həmişə də belə olacaq”.