Norveç millisinə yeni baş məşqçi təyin olundu
04.03.2014 - 16:27
Norveç millisinə yeni baş məşqçi təyin olundu
21 yaşadək futbolçulardan ibarət millilər arasında AÇ-2015-in seçmə mərhələsindəki rəqiblərimizdən olan Norveç yığmasında baş məşqçi təyinatı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, bundan sonra Norveç U-21-ni Leyf Qunnar Smerud çalışdıracaq.

O, bu postda yanvarda “Molde” klubuna baş məşqçi təyin olunan Tor Ole Skullerudu əvəzləyib. 37 yaşlı mütəxəssis son 3 mövsümdə “Hönefoss” klubunu çalışdırıb. Smerud buna qədər Norveçin yeniyetmələrdən ibarət yığmasının baş məşqçisi və qadınlardan ibarət millinin köməkçisi işləyib. O, 2011-ci ildə isə yerli assosiasiya tərəfindən “ilin gənc məşqçisi” adına layiq görülüb.

Smerud ilk sınağını isə sabah İspaniyanın Marbelya şəhərində verəcək. Belə ki, vikinqlər Bakı vaxtı ilə saat 21:00-da Rusiya U-21-i ilə yoldaşlıq oyunu keçirəcək. Bu, Norveçin iyunun 1-də Bakıdakı rəsmi matç öncəsi verəcəyi sınaqdır.

Qeyd edək ki, Smerud cari seçmə mərhələdə Norveç millisini oyunlara çıxaracaq 4-cü məşqçi olacaq. Belə ki, rəqibimizi meydana Skulleruddan başqa, onun köməkçiləri - Trond Nordşteyen və Kent Berqersen də çıxarıb. Nordşteyen meydana çıxardığı 2 oyunda Norveç doğma azarkeşləri önündə millimizə və İsrailə eyni hesabla (1:3) yenilib.
 
0