Norveç millisinin hücumçusu “Xəzər Lənkəran”da?
22.01.2014 - 16:15
Norveç millisinin hücumçusu “Xəzər Lənkəran”da?

Menecerlərin “Xəzər Lənkəran”a təklif etdiyi daha bir futbolçunun kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, "ağ-yaşıllar" Norveç millisinin syerra-leone əsilli hücumçusu Ola Kamara ilə güclənə bilərlər.

 

Baş məşqçi Mustafa Dənizli ön xətdəki problemləri yoluna qoymaq üçün 24 yaşlı forvardı sərəncamında görmək istəyir. Lakin onun transferinə əngəl törədən şəxs var. Bu, Norveç yığmasının baş məşqçisi Per-Matias Heqmodur. 54 yaşlı mütəxəssis Kamaranın Azərbaycanda çıxış etməsinin əleyhinədir.

 

Norveçin "Stabek" klubunun yetirməsi olan Kamara 2009-2012-ci illərdə "Stromsqodset"in heyətində keçirdiyi 100 oyunda 31 qol vurduqdan sonra Avstriya "Rid"inə transfer olunub. Lakin burada heç bir oyuna çıxmadan Almaniyanın "Münhen 1860" klubuna icarəyə verilib. 2013-cü ilin ikinci yarısını isə icarə əsasında "Stromsqotset" qayıdıb. Kamara dönüşündən sonra çıxdığı 14 matçda 12 qol vurmaqla diqqətləri üzərinə çəkib. O, Norveçin əsas yığmasında keçirdiyi 4 görüşdə 1 dəfə fərqlənib.

 

Qeyd edək ki, Kamara ilə yanaşı, braziliyalı Elias və türkiyəli Sinan Kaloğlunun adları da "Xəzər Lənkəran"la yanaşı çəkilir. Daha bir yeni sima Villian Tieqo ilə bu gün müqavilənin imzalanacağı gözlənilir.