“Mustafa Dənizli özünü yaxşı hiss etmədiyi üçün xəstəxanaya yerləşdirilib”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Xəzər Lənkəran”ın məşqçisi Oğuz Çətin deyib.
Cənub təmsilçisi Topaz Premyer Liqasının XIX turunun açılış oyununda “Qarabağ”ı məğlub etdi. Səfərdə qazanılan 1:0 hesablı qələbədən sonra türkiyəli mütəxəssis güclü rəqibə qarşı oynadıqlarını söyləyib: “Çox çətin rəqibə, həm də çempionatın liderinə qarşı oynadıq. Bu cür oyunda qalib gəlmək çətindi. Çox dəyərli məşqçi ilə çalışırıq. Mənim vasitəmlə bütün tapşırıqlarını futbolçulara çatdırdı. Oyunçuları təbrik edirəm, fədakar oyun göstərdilər. Turnir cədvəlində bizdən irəlidə gedən komandalara çatmaq üçün bu cür oyunlarda qalib gəlməliyik. Skarlatake dayaq yarımmüdafiəçisi kimi çox yaxşı oynadı, razı qaldıq. İlk “11-liy”i Mustafa Dənizli müəyyənləşdirmişdi. Cismən burada olmasa da, mənəvi cəhətdən bizim yanımızda idi. Tam hazır olduğumuzu deyə bilmərəm, amma hər oyunda daha da yaxşı olacağımıza inanıram”.