Ölümdən dönən futbolçu yaddaşını itirib
01.04.2014 - 19:32
Ölümdən dönən futbolçu yaddaşını itirib

 

 

Kiyev “Dinamo”sunun kapitanı və Ukrayna millisinin futbolçusu Oleq Qusev “Dnepr”in qapıçısı ilə toqquşma nəticəsində yaddaşını qismən itirib. Apasport.az saytının məlumatına görə, hadisə martın 30-da bu komandalar arasında keçirilən oyun zamanı baş verib.

 

Top uğrunda mübarizə zamanı qapıçı Denis Boyko dizi ilə Qusevin başından dəyib. “Dinamo”nun oyunçusu huşunu itirib və ona ilk köməyi “Dnepr”in gürcü futbolçusu Caba Kankava edib. Kankava Qusevin qatlanan dilini çıxarıb və bununla da onun həyatını xilas edib. Futbolçunu meydandan xərəkdə çıxaraq “təcili yardım” maşını ilə xəstəxanaya çatdırıblar.

 

Kompüter tomoqrafiyası futbolçuda “qapalı kəllə-beyin zədəsi, beyin silkələnməsi və amneziya” müəyyən edib. Qusev cərimə meydançasına girdiyini xatırlayır. Amma toqquşmanı, ona kömək göstərilməsini, stadiondan çıxarılmasını və xəstəxanaya necə aparılmasını xatırlamır.