“Azərbaycan millisi ilə oyun dünya çempionatı öncəsi bizim üçün çox vacibdir”. Apasport.az saytının məlumatına görə, bunu ABŞ yığmasının və “Los-Anceles Qalaksi” klubunun müdafiəçisi Omar Qonsales deyib.
Azərbaycanla sabah baş tutacaq oyun haqda fikirlərini açıqlayan “Nürnberq”in sabiq futbolçusunun sözlərinə görə, millimiz yaxşı müdafiə olunur: “Bu komandanın ən önəmli üstünlüyü isə komanda şəklində yaxşı mübarizə aparmasıdır. Xüsusilə, müdafiə olunarkən bu kollektivi məğlub etmək çox çətinləşir”.
Qonsales millimizin Portuqaliya ilə ötən seçmə mərhələdə qarşılaşmasını özləri üçün yaxşı hal adlandırıb: “Təbii ki, Portuqaliya və Almaniya milliləri ilə yaxın müddətdə üz-üzə gəlmələri bizim üçün daha yaxşıdır. Çünki dünya çempionatında əsas rəqiblərimizin Avropadakı daimi rəqibi ilə oynayacağıq. Komanda olaraq bu görüşə çox ciddi yanaşırıq və yaxşı hazırlaşmışıq”.