Avro-2016-nın seçmə mərhələsinin fevralın 23-də keçiriləcək püşkatması ərəfəsində UEFA-nın rəsmi saytı rekordlarla bağlı silsilə yazılar hazırlayıb. Apasport.az-ın məlumatına görə, bunadək seçmə mərhələləri tarixinin ən məhsuldar futbolçularının, ən çox matçda iş başında olan baş məşqçilərinin siyahısını tərtib edən qurum rəsmiləri indi də daha çox qarşılaşmaya çıxan oyunçuları müəyyənləşdirib.
1959-cu ildə start götürən qitə çempionatlarının seçmə mərhələlərinin rekordçusu Ermənistan yığmasının üzvü Sarqis Ovsepyandır. Onun hesabında 47 matç var. Lixtenşteynli Mario Frik 42, latviyalı Vitali Astafyev 40 seçmə oyununda meydana çıxıb. Bu 3 oyunçunun hərəsi 5 qitə çempionatına çıxmaq üçün mübarizə aparıb.
6 yarışın seçmə mərhələsində forma geyən finlandiyalı Yari Litmanen isə 38 görüşdə iştirak edib. Maltalı Karmel Buzuttil, irlandiyalı Robbi Kin, estoniyalı Mart Poom və lüksemburqlu Ceff Ştrasser hərəyə 35 oyun keçirməklə 5-8-ci yerə şərikdirlər.
Azərbaycan millisinin üzvləri UEFA-nın rekordçuları sırasına düşməsə də, bizim öz “Top-5”imiz var. Bu siyahıya Avropa çempionatlarının seçmə mərhələlərində 23 oyun keçirən Aslan Kərimov başçılıq edir. Yığmanın sabiq üzvü Avropanın “8-liy”indən çox – 12 oyun uzaq düşüb. Tərlan Əhmədovla Emin Ağayevin hərəsinin 21, Mahmud Qurbanovla Rəşad Sadıqovun isə 19 oyunları var. Bu siyahıdan yalnız sonuncu karyerasını davam etdirir. Millimizin kapitanı Avro-2016-nın seçmə matçlarında komandamızın yeni rekordunu müəyyənləşdirə bilər. Bunun üçün onun 5 matça çıxması yetərlidir.