Palermoda 100-cü
09.10.2014 - 13:53
Palermoda 100-cü

İtaliya ilə AVRO-2016-nın seçmə mərhələsində keçiriləcək qarşılaşma Azərbaycan yığmasının tarixində 209-cu qarşılaşma olacaq. Apasport.az saytının məlumatına görə, ilk görüşünü 1992-ci ilin sentyabrın 17-də Gürcüstanla səfərdə keçirən (3:6) komandamız AVRO-2016-nın seçmə mərhələsinin 2-ci qarşılaşmasına qədər 208 oyunda qüvvəsini sınayıb.

 

Palermonun “Renso Barbera” stadionunda baş tutacaq qarşılaşmayadək 38 qələbə qazanan yığmamız 56 dəfə heç-heçə ilə kifayətlənib. 114 dəfə meydanı başıaşağı tərk edən millimiz uduzmasa, 95-ci məğlubiyyətsiz oyununa sevinəcək. Komandamızın futbolçuları bu görüşlərdə 147 dəfə rəqib qapısına yol tapıblar. Bu qarşılaşmalarda qapıçılarımız 356 topun buraxılmasına üzülüblər.


2014-cü ildə 6-cı qarşılaşmaya çıxacaq komandamız 4 matçlıq qələbə həsrətinə son qoymaq arzusundadır. Filippin üzərində 1:0 hesablı qələbədən sonra 4 oyuna çıxan komandamız ABŞ (0:2), Özbəkistan (0:0), Rusiya (0:4) və Bolqarıstanla (1:2) qarşılaşmalarda azarkeşlərinə sevinc bəxş etməyib.

 

Ümumilikdə 11-ci, Avropa çempionatlarında isə 6-cı seçmə mərhələsində mübarizəni davam etdirən komandamız yubiley - 100-cü oyuna çıxacaq. Bunadək 99 seçmə matçı keçirən millimiz 9 qələbə qazandığından yubiley – 10-cu uğurun astanasındadır. 19 heç-heçəsi olan yığmamız üçün bərabərlik 20-ci kimi tarixə düşəcək. Yığmamız bu matçlarda 71 dəfə uduzub. Seçmə oyunlarda 50-ci qolun intizarında olan futbolçularımız bunun üçün İtaliya yığması ilə görüşlərdə ilk dəfə rəqib qapısına yol tapmalıdır. İndiyədək 49 dəfə fərqlənən komandamız 216 top buraxıb.

 

Avropa çempionatlarının seçmə oyunlarında isə yığmamızın hesabında 5 qələbə, 6 heç-heçə və 40 məğlubiyyət var. Top fərqi də rəqiblərimizin xeyrinədir – 30:131.


Qeyd edək ki, indiyədək 64 komanda ilə qarşılaşan millimiz 3-cü dəfə İtaliya ilə üz-üzə gələcək. AVRO-2004-ün seçmə mərhələsindəki hər iki görüşdə rəqibimiz qalib gəlib – 0:2 və 0:4.

 

0