“Qalib gəldiyimiz üçün çox şadam. Çox az komanda “Simurq”la səfər oyununda qələbə qazana bilir”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.
Bu gün XX turun Zaqatalada keçirilən “Simurq” – “Bakı” oyununda qonaqlar qələbə qazanıb. Paytaxt təmsilçisinin hücumçusu Rauf Əliyevin 18-ci dəqiqədə vurduğu qol həlledici olub.
Qarşılaşmadan sonra hər 2 komandanın baş məşqçisinin iştirakı ilə mətbuat konfransı keçirilib. Serbiyalı çalışdırıcı bunu deyib: “İkinci hissə bizim üçün çox çətin oldu. Qapımıza hücumlar çox oldu. Oyunçularımızın birliyi ilə bu hücumların qarşısını aldıq”.
“Simurq”un gürcüstanlı çalışdırıcısı Georgi Çixradze isə 1 xal qazanmağa layiq olduqlarını bildirib: “Nəticəyə görə məğlub tərəfik, lakin oyuna baxdıqda heç-heçə ədalətli nəticə olardı. İlk hissədə səhvimizdən qapımızda qol gördük. İkinci hissədə hücumları artırdıq, qol epizodları yaratdıq. Lakin lazım olan qolları vura bilmədik”.