Patrik Vieyra baş məşqçiliyə başlayır
22.10.2015 - 15:46
Patrik Vieyra baş məşqçiliyə başlayır

Ötənlərin məşhur futbolçusu Patrik Vieyra baş məşqçiliyə başlamağa hazırlaşır. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, fransalı sabiq yarımmüdafiəçi ABŞ klubunu çalışdırmağa çox yaxındı.

 

MLS liqasında mübarizə aparan “Nyu-York Siti” klubunun rəhbərliyi 39 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirmək niyyətindədi. Komandanın uğursuz çıxışından təngə gələn rəhbərlik hazırkı çalışdırıcı Ceyson Kreysi istefaya göndərməyə hazırlaşır ki, Vieyranı da bu posta gətirməkdə maraqlıdı.

 

Qeyd edək ki, Fransa yığmasında 100-dən çox oyun keçirmiş Patrik Vieyra karyerası ərzində “Milan”, “Arsenal”, “Yuventus”, “İnter” və “Mançester Siti” kimi klubların formasını geyinib. 2011-ci ildə karyerasını bitirən sabiq dayaq yarımmüdafiəçisi 2 il (2011-2013) “Mançester Siti”nin aşağı yaş qruplarında çalışıb.