“Milan”ın vitse-prezidenti Adriano Qalliani yeni baş məşqçiləri Klarens Zeedorfla bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan İtaliya klubunun rəsmisi 37 yaşlı hollandiyalının komandaya çox kömək edəcəyini deyib:
“Zeedorf komandanı özünə gətirəcək. O, böyük məşqçi olacaq, çünki böyük futbolçu idi. Onunla bağlı müsbət düşüncələrə sahibəm. İndi, o, karyerasına ciddi şəkildə köklənib”.
Qeyd edək ki, Klarens Zeedorf futbolçu karyerası ərzində 2002-2012-ci illər aralığında “Milan”ın şərəfini qoruyub. O, “rossoneri”lərin heyətində 2 dəfə ölkə çempionu tituluna sahib çıxıb, Çempionlar Liqasının, İtaliya Kubokunun, UEFA və İtaliya Superkubokunun, həmçinin klublar arasında keçirilən qitələrarası dünya çempionatının qalibi olub. Hollandiyalı çalışdırıcı ötən gün yeni klubu ilə müqavilə bağlayaraq komandasını məşqə çıxarıb.