“Mövsümün başa çatdığını demək tezdir. Bizim üçün mövsüm milli komandanın oyunundan sonra başa çatacaq”. Apasport.az saytının məlumatına görə, bunu yığmamızın futbolçusu Qara Qarayev deyib.
“Qarabağ”ın futbolçusu olan Qara Qarayev millimizin ABŞ-la yoldaşlıq oyunundan əvvəl keçirilən mətbuat konfransının iştirakçısı olub. O, görüş haqqında fikirlərini bildirib.
Qarayevin sözlərinə görə, amerikanlar bu görüşdə özlərini zədədən qorumaq üçün əsas heyətlə meydana çıxmaya bilər: “Hazırda millinin heyətində təlim-məşq toplanışındayıq. Bütün futbolçuların əhval-ruhiyyəsi yaxşıdır. ABŞ yığmasıyla görüşdə maksimum nəticə əldə etməyə çalışacağıq. Rəqib yaxın günlərdə start götürəcək dünya çempionatında iştirak edəcək. Ona görə ola bilsin ki, bizimlə oyunda zədələnməmək üçün özlərini qorusunlar. Buna baxmayaraq, mundial öncəsi yaxşı əhval-ruhiyyədə olmaları üçün qalib gəlməyə çalışacaqlar”.
21 yaşlı futbolçu hələ millimizin daimi üzvünə çevrilmədiyini fikirləşir: “Artıq bir neçə toplanışdır ki, milli komandaya dəvət olunuram. Ancaq bu o demək deyil ki, yığmanın daimi üzvü olmuşam. Oyunlarda özümü yaxşı tərəfdən göstərib millinin daimi üzvü olmaq üçün çalışıram”.