UEFA prezidenti Mişel Platini 2020-ci il dünya çempionatının Qətərə verilməsi qərarını səhv saymır. Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis FİFA prezidentliyinə namizədliyi ilə bağlı yekun qərar Braziliyada keçiriləcək dünya çempionatından sonra qəbul edəcək.
Qeyd edək ki, bundan əvvəl FİFA prezidenti Yozef Blatter Qətərin namizədliyinin seçilməsinin səhv olduğunu etiraf edib. Platini isə bununla razılaşmır: “Mən Qətərə səs vermişəm və səhv etdiyimi söyləməyə heç bir əsasım yoxdur. Mənə elə gəlirdi ki, bu yaxşı variantdır və əvvəlki kimi belə hesab edirəm. Amma biz Qətərə içində zəhər olan badə vermişik. Çünki o, hazırda qasırğanın ortasındadır. İşçi problemi də daxil olmaqla, bir çox problemlər var və Qətər onları həll etməyə çalışır. Hesab edirəm ki, bu, Qətər üçün müəyyən çətinlikləri olan əsl hədiyyədir. Bu hədiyyədən bacarıqla istifadə etmək lazımdır”.
Platini 2015-ci ildə keçiriləcək FİFA prezidenti seçkilərində hazırkı prezident Yozef Blatterin əsas rəqibi hesab olunur. Xatırladaq ki, Blatter artıq 4-cü müddətdir FİFA prezidenti postunu tutur. Platini namizədliyini irəli sürüb-sürməyəcəyini bilmədiyini vurğulayıb: “Mənim namizədliyimlə bağlı sizə heç kim və heç nə deyə bilməz. Çünki hələlik özüm də qərar qəbul etməmişəm. Mən UEFA-da xoşbəxtəm. Mənim qərarım Blatterin yenidən namizədliyini irəli sürüb-sürməyəcəyindən asılı deyil. Hər şey mənim niyyətimdən asılıdır. Mən hər şeyi sakit şəkildə fikirləşəcəyəm – vaxtım var. Amma qərarımı dünya çempionatından sonra açıqlayacağam”.