Mayın 17-də Topaz Premyer Liqasının XXXVI turunda keçiriləcək oyunlarla XXII mövsümünə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, ölkə çempionatında qızıl və gümüş medalların sahibləri bəlli olsa da, üçüncü və sonuncu yeri hansı klubların tutacağı hələ müəyyənləşməyib.
Bürünc medallar uğrunda “Neftçi” və “Qəbələ” arasında gedən mübarizə maraqla gözlənilir. Ancaq autsayder olmamağa çalışan “Sumqayıt”la “Rəvan”ın da son tura qədər davam edən mübarizəsi böyük maraq kəsb edir.
Bir sözlə, son turda bütün diqqətlər “Simurq” - “Neftçi”, “Rəvan” - “Bakı” və “Qəbələ” - “Sumqayıt” qarşılaşmalarına yönələcək.
“Qəbələ”yə 3 xal hava-su kimi lazım olduğundan “Sumqayıt”la görüşə ikinci heyətlə çıxacağı inandırıcı deyil. Hər halda, “qırmızı-qaralar” yarandığı gündən indiyədək ilk dəfə bürünc medal qazanmağa daha yaxındı və bu şansı əldən verəcəyi mümkünsüz görünür.
Sonuncu pillədən qurtarmağa can atan “Rəvan” isə ümidini “Bakı”ya bağlayıb. Bu komanda onsuz da avrokuboklara yollanması mümkün olmayan “zolaqlılar”ın meydana ehtiyat qüvvə ilə çıxmasına ümid edir.
Bunu çempionluğu təmin etmiş “Qarabağ”ın ötən tur “Sumqayıt”a 0:1 hesabı ilə uduzması ilə əlaqələndirirlər. Deyirlər ki, Ağdam təmsilçisi İbrahim Şehiç, Ansi Aqolli, Admir Teli, Riçard Almeyda, Çumbinyo və Reynaldo kimi legionerləri ilə oynamayıb “Sumqayıt”a yenilirsə, o zaman klub prezidentləri quda olan hər 2 komandanın görüşündə niyə belə olmasın.
Yəni, Nuru Əliyevlə Hafiz Məmmədovun quda qohumluğu sayəsində “Bakı” meydana gənclərlə çıxmalı və bununla, “Rəvan”ın qələbəsinə yol açmalıdır. Belədə “Sumqayıt”ın mümkün xal itirməsi sayəsində xoşbəxtlik quşu “Rəvan”ın başına qonacaq. Sumqayıt təmsilçisi ilə xallarını bərabərləşdirəcək (25) “Rəvan” şəxsi oyunlara görə IX pilləni tutacaq. Bu isə “Rəvan”ın elitada qalmasına, “Sumqayıt”ın isə aşağı dəstəyə düşməsinə səbəb olacaq.
Qeyd edək ki, cari mövsüm “Bakı” və “Rəvan” 5 dəfə qarşılaşıb. Premyer Liqadakı ev oyunlarında rəqibini darmadağın edən paytaxtın eyniadlı təmsilçisi I dövrədə 5:0, III dövrədə 5:1 hesablı qələbə qazanıb. “Rəvan”ın meydanında keçirilən II dövrənin matçında isə qapılara qol vurulmayıb.
Ölkə kubokunun 1/4 finalında isə mərhələ adlayan Kurtarın komandası olub. Öz meydanında 0:1 hesabı ilə uduzan “Rəvan” səfərdə vurduğu cavabsız qolla matçı penaltilər seriyasını daşımağa nail olub. Bu “lotereya”da isə “Bakı”nın bəxti gətirməyib – 8:9.