“Məşqçi kimi Çempionlar Liqasında ilk oyunum idi. Hər iki oyunda qalib gəldiyimizə görə şadam”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Oyundan sonra keçirilən mətbuat konfransında Qurbanov növbəti oyunun fərqli olacağını bildirib: “Sabahdan rəqibi təhlil etməyə başlayacağıq, onlara qarşı düzgün mübarizə aparmağa çalışacağıq. Reynaldonun əzələsində mikrozədəsi oldu deyə əvəzlədim. Zədəsi ciddi olmasa da, məşqlərdən bir müddət kənarda qala bilər. Qara Qarayevin zədəsinin də ciddi olduğunu düşünmürəm. Maksim Medvedev də bizə qoşulacaq. Ola bilər ki, Rəşad Sadıqov oynamasın. “Zalsburq”un baş məşqçisi burda olduğu üçün hansısa bir kartı gizlətməyə çalışmadım. Elə öz oyunumuzu göstərməyə çalışdıq”.
Qurbanov “Zalsburq”un oyun üslubunu gördüyünü də qeyd edib: “Onların oyunlarını görmüşəm. Ötən il “Zalsburq”un “Bavariya” ilə yoxlama oyununa baxmışdım. Amma “Valletta” ilə görüş ərəfəsində bu komandanı xüsusi olaraq araşdırmamışdım. Qarşıdakı 6 gün az olsa da, rəqibi yaxından təhlil etməyə çalışacağıq”.