Qurban Qurbanov: Məğlubiyyətlə yaşamaq düzgün deyil
06.02.2014 - 12:58
Qurban Qurbanov: Məğlubiyyətlə yaşamaq düzgün deyil

“Qəbələ” cari mövsüm olduqca xoş təsir bağışlayır. Hazırkı mövqedə qərarlaşmaları heç də təsadüfi deyil. Qışda etdikləri transferlərlə də gücləniblər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

42 yaşlı mütəxəssis Topaz Premyer Liqasının XX turunun “Qəbələ” ilə səfərdə keçiriləcək oyunu haqda fikirlərini açıqlayıb.

 

Klubun rəsmi saytına danışan Qurbanov ötən tur evdə “Xəzər Lənkəran”dan alınan 0:1 hesablı məğlubiyyəti unutduqlarını bildirib: “Çempionatın ilk yarısındakı qazandığımız qələbələr hazırda bizə bir şey vermir. Təbii ki, hazırda rəqibimiz ilk 2 oyunu unutmayıb. Daha yaxşı və fərqli hazırlaşacaqlar. Biz isə “Xəzər Lənkəran”la matçı artıq yaddan çıxarmışıq. Daha doğrusu, məğlubiyyətlə yaşamaq düzgün deyil. Qarşıda daha 17 oyun var. Bizi olduqca ağır matç gözləyir. Azarkeşlərin maraqlı futbol izləyəcəyini də söyləmək olar. “Xəzər Lənkəran”la görüşdə qol epizodlarının boşa verilməsi futbolçularda üzgünlük yarada bilər, amma ruh düşkünlüyünə səbəb ola bilməz. Qarşıda hələ uzun bir marafon var.  Bu qarşılaşmalara motivasiyalı olmaq lazımdır”.

 

Qeyd edək ki, turun mərkəzi görüşü olacaq “Qəbələ” – “Qarabağ” matçı fevralın 8-də keçiriləcək.