“Hazırda razı qalmadığım məqamlar daha çoxdur. Bu da yorğunluqla bağlıdır. Ona görə də futbolçulara irad bildirmək olmaz”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
42 yaşlı mütəxəssis Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində Rumıniya “Dinamo”su ilə baş tutan yoxlama oyunundan (1:0) sonra azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.
Qurbanov əvvəl matç haqda danışıb: “Hələlik onlardan istədiyimiz oyunu tələb edə bilmərik. Onlar çalışdılar ki, oyun intizamını qoruyub saxlasınlar. Amma səhvlər də var idi. Düşünürəm ki, hələ vaxt var, daha yaxşı hazırlaşmalıyıq”.
Baş məşqçi hər xəttə futbolçu transfer olunmasının tərəfdarıdır: “İstədiyimiz oyunçu olsa, hər mövqeyə futbolçu götürərik. Lakin qışda oyunçu tapmaq bir az çətindir. Olmadığı halda, bununla kifayətlənəcəyik. Ola bilər ki, ilk turlarda zədəli futbolçularımız tam hazır olmasın. Lakin növbəti qarşılaşmalarda onlar da komandaya kömək edə biləcək”.
Qurbanov müalicəsi başa çatmaqda olan Rəşad Sadıqovun durumuna da aydınlıq gətirib: “Rəşad Sadıqov bir neçə günə hazırlıqlara başlayacaq. Həkimlərin cavabını gözləyirik. Yəqin gələn həftədən məşqlərə başlayar”.
Mütəxəssis yoxlama oyunlarında da nəticənin vacibliyini qeyd edib: “Hər futbolçu məsuliyyəti dərk etməlidir. Çempionat ərəfəsində uğurlu nəticələr qazanmaq daha yaxşıdır. Buna görə qələbə vacibdir. Oyunçu da 90 dəqiqə ərzində nə etməli olduğunu dərk etməlidir”.
Qurbanov Antalyada klubların yoxlama oyunlarını izləyən Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsla görüşündə ümumi mövzulardan danışdığını bildirib: “Berti Foqtsla söhbətimizdə ümumi hazırlıqla bağlı danışdıq. Bizim matçı izləyə bilmədi”.
Baxışda olan Fərhad Qıstarov haqda danışan Qurbanov onu başqa mövqedə sınadığını qeyd edib: “Onun haqda fikir bildirmək olmaz. Onu öz mövqeyində oynatmırdım. Məcburən bu addımı atdım. Onun taleyinə ayin 23-dəki qarşılaşmadan sonra qəti aydınlıq gələcək. Hələ gəncdir, öz üzərində çox çalışmalıdır”.