Rafael Varan: Zidanın gəlişindən sonra...
16.02.2016 - 18:52
Rafael Varan: Zidanın gəlişindən sonra...

“Roma” ilə oyuna həm fiziki, həm də psixoloji cəhətdən hazır olmalıyıq. Rəqibə problem yaratmaq üçün taktiki planda nəsə düşünməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Madrid “Real”ının müdafiəçisi Rafael Varan deyib.

 

“Kral klubu” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində sabah “Roma” ilə ilk oyununa çıxacaq. Səfərdə baş tutacaq görüşöncəsi Varan UEFA-nın rəsmi saytına açıqlama verib.

 

O, rəqib barədə müsbət fikirlər səsləndirib: “Roma” çox yaxşı komandadı. Turnirin bu mərhələsində keçirilən hər bir görüş çətin olur. Qalibi xırda detallar müəyyənləşdirir. Bilirik ki, bizi asan oyun gözləmir. Ancaq növbəti mərhələyə adlamaq üçün hər cür imkana malik olduğumuzu düşünürəm”.

 

Varan qeyd edib ki, Zinəddin Zidanın baş məşqçi postuna keçməsindən sonra “Real”da inkişaf hiss olunur: “Məşqçimiz hücum futbolunu sevir. Bizdən topa nəzarət etməklə, sürətli hücumlar qurmağı tələb edir. Zidanın gəlişindən sonra məşqlərdə fiziki hazırlığa daha çox fikir verilir. Məhz bunun hesabına komandamız irəlidə pressinq etməyi bacarır. Zidan futbolçularla yaxın münasibətdədi. O, komandanın inkişafı üçün əlindən gələni edir”.