“Şəxsən mən növbəti çempionatda 12 komandanın mübarizə aparmasını istərdim”. Bu sözləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
Növbəti mövsüm Topaz Premyer Liqasının hansı formatda keçiriləcəyi barədə fikirlərini açıqlayan PFL prezidenti bildirib ki, hələlik bu haqda danışmaq tezdir: “Hazırda növbəti çempionatın reqlamentinin dəyişməsi barədə danışmaq yersizdir. Əgər dəyişərsə, buna İcraiyyə Komitəsi qərar verməlidir. Mən heç bir komandanın Premyer Liqanı tərk etməsini istəmirəm. 12 komanda və 4 dövrəli sistemlə çempionatın baş tutmasının tərəfdarıyam. Əsas məqsədimiz futbolumuzun inkişafıdır. Əgər komandaların sayı çoxalsa, oyunların və yerli futbolçuların da sayı artacaq. Legioner limit də 6+5 olacaq”.
Musayev “I divizionda “Araz Naxçıvan”dan başqa Premyer Liqada mübarizə aparacaq gücdə klub varmı” sualına isə belə cavab verib: “Sözsüz ki, komandaların sayı artsa, bu barədə düşünəcəyik. Orda olan komandalara baxıb qərar verəcəyik ki, hansı komanda Premyer Liqada oynaya bilər”.