Ramin Musayev: Bu final ötənilki qalmaqalın güdazına getdi
23.05.2014 - 10:55
Ramin Musayev: Bu final ötənilki qalmaqalın güdazına getdi

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev ölkə kubokunun final görüşündən sonra jurnalistlərin əhatəsinə düşüb. PFL rəhbəri apasport.az saytının stadionda olan əməkdaşının suallarını da cavabsız qoymayıb.

 

- Doğrudan da yaxşı, maraqlı oyun keçdi. “Qəbələ” rəhbərliyinə təşəkkür düşür. Deyərdim ki, kubokun final görüşünü şənləndirənlərdən ən birincisi “Qəbələ” klubunun rəhbərliyi oldu. Bu, danılmaz faktdır ki, stadionun 90 faizi “Qəbələ” azarkeşləri ilə dolmuşdu. Bu il qalib gəlmədilər, növbəti il olar. İnşallah, onlar da ilk dəfə avrokuboklarda çıxış edəcəklər. Avrokuboklarda onlara uğurlar arzulayırıq. Necə ki, onlar ölkə kubokuna bu qədər azarkeş cəlb edə bilməklə bizləri sevindirdilər, biz də onları avrokuboklarda dəstəkləyərik.

 

- “Neftçi”nin sabiq rəsmisi və ya PFL prezidenti kimi bakılı azarkeşlərin qəbələlilərdən az olmasının səbəbini nədə görürsünüz?

- Düşünürəm ki, “Neftçi” rəhbərliyi çox azarkeş gətirməkdə ehtiyat etdi. Mən belə fikirləşirəm. Ola bilsin ki, ötən il “Xəzər Lənkəran”la keçirdikləri finalda yaşanan qalmaqala görə ehtiyatlı hərəkət etməyi məsləhət bildilər. Yəqin fikirləşdilər ki, çox azarkeş gətirərlər, arada yenə münaqişə yaşanar...

 

- “Gətirmək” deyəndə ki, oyun paytaxtda keçirilirdi. “Neftçi” azarkeşləri finala mütləq gəlməli idilər...

- “Neftçi” azarkeşləri üçün 2 min bilet almışdı. Müəyyən sayda adamlar da əlavə gəlmişdi.

 

- Ehtiyat etməyə ehtiyac yoxdur axı. “Qəbələ” ilə “Neftçi” əzəli rəqib sayılmırlar ki, hansısa münaqişədən ehtiyatlanasan...

- Elədir. Ancaq belə götürsək, builki final “Neftçi” ilə “Xəzər Lənkəran”ın ötənilki qalmaqallı oyununun güdazına getdi.

 

- AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ”ın mükafatlandırılmasında olduğu kimi, bu dəfə də görüş iştirakçısı olmadı. Bu nə ilə əlaqədardır?

- Bilirsiniz ki, Rövnəq müəllim ARDNŞ-nin prezidentidir. Onun həmin sahədəki işi burdakından da ağır və vacibdir. Əgər bura gəlməyibsə, deməli, işinin vacibliyindən gəlməyib. Ancaq oyunun gedişində mənimlə və Elxan müəllimlə (AFFA-nın baş katibi Elxan Məmmədovu nəzərdə tutur – S.T.) bəlkə də 10-15 dəfə telefonda danışıb. Özü burda olmasa da, ürəyi burda idi.

 

- Avrokuboklarda iştirak edəcək komandalar ürəyinizcə oldu?

- Ürəyimcə deyəndə, bir az pis səslənir. “Qəbələ”, “Neftçi” və “Qarabağ”ın avrokuboklara gedəcəyinə inanırdım. Ancaq açıq desəm, “İnter”ə inanmırdım. Sağ olsun Kaxaber Sxadadze, yoxdan var yaratdı və avrokuboklara vəsiqə qazandılar. Hər 4 komandamıza Avropada uğurlar arzulayırıq. Onların hamısı bizimdir.

 

- Ən çox uğurlu çıxış gözlədiyiniz hansı klubdur?

- Vallah, bunu demək çətindir. Bunu püşkatmadan sonra demək daha asandır. Məncə, “Qarabağ”a güclü komanda düşsə, yaxşı olacaq. Çünki onlar güclü ilə daha yaxşı oynayırlar.

 

- Klub rəhbərləri niyə mükafatlandırılma mərasiminə gəlməmişdi?

- Onlar burda idilər. Sadəcə, “Qəbələ” rəhbərliyinin qonaqları vardı. Mən onlarla görüşdüm. “Qəbələ” rəhbərliyi bizi gözəl təşkilatçılıq münasibətilə təbrik etdi. Hər şeydən razı qaldıqlarını bildirdilər.

 

Səbuhi TOFİQOĞLU