Rasim Ramaldanov: “Araz Naxçıvan” zəifdir - MÜSAHİBƏ
18.03.2014 - 18:10
Rasim Ramaldanov: “Araz Naxçıvan” zəifdir - MÜSAHİBƏ

“Xəzər Lənkəran” klubunun müdafiəçisi Rasim Ramaldanovun apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXVI turunda “Sumqayıt”la qarşılaşdınız. Autsayderlə oyunda daha çox qol vuracağınız gözlənilsə də, bu alınmadı. Oyunla bağlı nə deyə bilərsiniz?

- Zədəmi sağaltdıqdan sonra ilk rəsmi oyunum idi. “Sumqayıt” autsayder olsa da, yaxşı oyun nümayiş etdirir. Onların iddialı klublardan bir neçəsinə başağrısı olduqlarını hamı bilir. Süni meydanda oynayırdıq, hava da əlverişli deyildi. Külək hər iki komandaya mane olurdu. Vacib olan 3 xal qazanmaq idi. Biz də bunu bacardıq.

 

- Bu oyuna qədər keçirdiyiniz son 4 matçdan 2-də uduzub, digər ikisində heç-heçə etmisiniz. Bu uğursuz çıxışı nə ilə izah edə bilərsiniz?

- Matçları izləyirdim. Komandamız pis oynamırdı. Qol epizodları da yaradırdıq. Ancaq “çərçivə”yə düşə bilmirdik. “Qara zolaq”da idik. Şükürlər olsun ki, son görüşdə qələbə qazanmaqla bu uğursuzluğa son qoyduq. Çalışacağıq qələbələrin davamını gətirək.

 

- Ancaq bir səbəb demədiniz...

- Əsas səbəb bəxtsizliklə bağlıdır. Şanslarımız olsa da, vura bilmirdik.

 

- Onsuz da liderlərdən geri qalmışdınız. Bu xal itkilərindən sonra necə, yenə ilk “üçlüy”ə düşməyə ümid edirsinizmi?

- Çətin olacaq, amma ümid var. Qarşıda 10 oyunumuz qalıb. Bu isə o deməkdir ki, bütün komandalarla qarşılaşacağıq. Qələbələri sıralaya bilsək, medalçılar sırasına düşəcəyik. Hələ kubokda da mübarizəni davam etdiririk. Sona qədər irəliləməyə çalışacağıq.

 

- Sabah ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Araz Naxçıvan”la qarşılaşacaqsınız. Bu oyuna nə dərəcədə hazırsınız?

- Komanda hazırdır. Hamımız sabahı gözləyirik. Təbii ki, yeganə məqsədimiz qələbə qazanıb, mərhələ adlamaqdır.

 

- Səfərdə qollu heç-heçə etmisiniz. Bu işinizi bir qədər yüngülləşdirəcəkmi?

- Doğma meydanda oynayırıq. Buradan hansısa komandaya uduzacağımızı düşünmürəm. İstənilən halda, qələbə qazanmalıyıq.

 

- Baş məşqçi rəqib haqda danışarkən, oyun zamanı nələrə diqqət yetirməyi məsləhət görür?

- Rəqib müdafiəyə daha çox diqqət yetirir. Həm də çalışırlar ki, cərimə zərbəsi vurmaq hüququ qazansınlar. Bu zaman hamılıqla cərimə meydançasına yollanırlar və başla qol vurmağa çalışırlar.

 

- “Xəzər Lənkəran” üçün avrokuboklara yollanmaqdan ötrü ən rahat variant kuboku qazanmaqdır. Amma iddialıların əksəriyyəti də kuboku əldə etməkdə maraqlıdır....

- Bilirəm, iddialıların hamısı mübarizəni davam etdirir. Biz də iddialılara bərabər komandayıq. Ona görə də, çalışacağıq ki, uğurlu çıxış edək. Sona qədər getmək istəyirik.

 

- Bu mərhələdə ən rahat rəqibin “Xəzər Lənkəran”a düşdüyünü söyləmək olarmı?

- Düzdür, rəqibimiz I divizionda çıxış edir. Amma zəif deyillər, mübarizə aparırlar. Sadəcə, digərləri ilə müqayisədə bir qədər zəifdirlər.

 

- Doğma meydan amili işinizə yarıyacaqmı?

- Əlbəttə, azarkeşlərimizin qarşısında çıxış edəcəyik. Onların stadionu dolduracağını və bizi sona qədər dəstəkləyəcəklərini düşünürəm.

 

 

0