Rasim Ramaldanov: Bunu böyütmək lazım deyil
21.01.2015 - 10:33
Rasim Ramaldanov: Bunu böyütmək lazım deyil

“Çempionatda gənclərlə mübarizə aparmaq bizə çətinlik yaradacaq. Amma bunu böyütmək lazım deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanov deyib.

 

Lənkəran klubunun gəncləşdirmə siyasətinə toxunan 29 yaşlı futbolçu bunları əlavə edib: “Gəncləşdirmə siyasətinə hər klub keçə bilər. “Xəzər Lənkəran”ın gənc oyunçularının hamısı istedadlı uşaqlardı. Hiss olunur ki, potensialları var. Sadəcə, təcrübə baxımından geri qalırlar. Bu da az oyun keçirmələri ilə əlaqədardı. Əsas komandada oynadıqca, bu çatışmazlıq aradan qalxacaq. Məncə, gənclərlə də yaxşı oyun göstərmək olar”.

 

Zədəsi üzündən komandasının Antalya toplanışında iştirak etməyən Ramaldanov müalicəsini Bakıda davam etdirir. Həkimlər onun konkret olaraq, nə vaxt sıraya dönəcəyini bilmirlər. Nəzərə alsaq ki, “Xəzər Lənkəran” yanvarın 28-29-da Azərbaycana qayıdacaq, deməli, Rasimin Antalya toplanışına qatılacağı inandırıcı görünmür.