“Bakı” klubunun hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi
- Sabah Topaz Premyer Liqasının XXI turunda “Neftçi” ilə görüşəcəksiniz. Bu matçla bağlı nə deyə bilərsiniz?
- Çox ciddi hazırlaşmışıq. Rəqibdən çəkinmirik. Vacib bir qarşılaşmadır. Hər şey normaldır. Bizim üçün problem yoxdur.
- “Neftçi” ilə ilk iki görüşünüzdə hər komanda bir dəfə qələbə qazanıb. Derbinin yenə çətin keçəcəyini gözləmək olar?
- Əlbəttə ki. Böyük komandalar oynayanda həmişə maraqlı, gərgin keçir. Çətin olacaq. “Neftçi” bizə turnir cədvəlində rəqib deyil. Amma maraqlı görüş keçəcək. Fikrimcə, kim ağıllı oynayacaqsa, o da qalib gələcək.
- Rəqibin müdafiə xətti İntizam Komitəsinin sonuncu qərarından sonra sıradan çıxıb. “Neftçi” arxa xətdə bir qədər ehtiyat qüvvədən istifadə etməli olacaq. Bu hardasa sizi arxayınlaşdırmır?
- Yox, belə fikirləşmək lazım deyil. Belə baxanda İqor Mitreski, Denis Silva və Elvin Yunuszadə əsas heyətdə oynamış futbolçulardır. Fikrimcə, “Neftçi”də “əsas” və ya “əvəzedici” anlayışı yoxdur. Onlar həmişə dəyişik futbolçularla oynayıblar. Kimin meydana girməsi bizim üçün fərq etmir. Onsuz da onlarda kim olsa, oynayacaq. Biz də bundan rahatlaşmırıq və öz oyunumuzu göstərəcəyik.
- Siz mərkəz müdafiəçilərini qeyd etdiniz. Ancaq etiraf etmək lazımdır ki, rəqib müdafiəsinin cinahları da çox təhlükəli idi. Mahir Şükürovla Bruno Bertuççinin yoxluğunda bu axsamalardan yararlanmaq mümkündür...
- Ola bilər ki, onların müdafiəsinin cinahlarında problem olsun. Amma mənim üçün əsas öz oyunumuzdur. Özümüz yaxşı çıxış etdikdən sonra rəqibin heyətində kimin olması o qədər də önəm daşımır. Məncə, ilk dəqiqələrdən üstün oyun nümayiş etdirsək, görüşün sonuna kimi öz sözümüzü deyə biləcəyik.
- Bu gün “İnter”in büdrəməsini gözləyirdiniz, amma alınmadı...
- Ola bilər. Artıq yuxarı pillələrə qalxmaq və rəqiblərimizə çatmaq üçün qələbə qazanmaq zərurətə çevrilib. Ötən tur “Neftçi” “Xəzər Lənkəran”la oyunda xal itirdi. Ona görə də onlar da bizimlə görüşə qələbə qazanmaq üçün çıxacaq. Bu üzdən deyə bilərəm ki, maraqlı görüş olacaq.