"Bakı" haqda danışmaq istəmirəm" - MÜSAHİBƏ
21.05.2014 - 08:02
"Bakı" haqda danışmaq istəmirəm"  - MÜSAHİBƏ

Azərbaycan yığmasının və “Bakı” klubunun futbolçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi

 

- Mövsüm başa çatdı və komandanız nə qədər çalışsa da, avrokuboklara vəsiqə qazana bilmədi. Başa çatan mövsümü necə dəyərləndirirsiniz?

- “Bakı” haqda çox danışmaq istəmirəm. Son turlara qədər mübarizə aparsaq da, nəticədə avrokuboklara vəsiqə qazana bilmədik. Bununla belə, öz adıma deyə bilərəm ki, pis mövsüm keçirmədim. Çempionata yaxşı başladım, sabit çıxış edirdim. Təəssüf ki, mövsümün sonlarına yaxın zədələndim. Həm klub, həm də milli səviyyəsində yaxşı mövsüm keçirdiyimi düşünürəm. Zədələnməsəydim daha yaxşı ola bilərdi.

 

- Yaxın gələcəklə bağlı planlarınız necədir?

- Hələlik bir planım yoxdur. Mövsüm yeni başa çatıb. Hazırda millinin düşərgəsindəyəm. Yoldaşlıq oyunundan sonra istirahət etməyi düşünürəm. Ondan sonra gələcəklə bağlı danışmaq olar.

 

- Hazırda mətbuatın gündəmində olan bir futbolçusuz. “Bakı” ilə yollarınızı ayıracağınız deyilir. Konkret adınız “Xəzər Lənkəran”la birgə hallanır...

- Klubumdan ayrılmaq kimi bir planım yoxdur. “Bakı” ilə müqaviləm var və bu kluba məxsusam. Transfer dedi-qodularına gəlincə, çox şey yazıla bilər. Fakt odur ki, mənim “Bakı” ilə müqaviləm var və bütün diqqətimi buna yönəltmişəm.

 

- Real təklif olarsa necə, klubdan ayrılarsınız?

- “Bakı” ilə müqaviləm davam edir. Gələcəkdə nələr olacağını bilmək olmur. Hər şey ola bilər.

 

- “Bakı”da özünüzü necə hiss edirsiniz?

- Çox yaxşı hiss edirəm. Hər şey mənim üçün normaldır. “Bakı” “Qarabağ” kimi mənə doğma klubdur. İnanıram ki, daha da yaxşı olacaq.

 

- Baş məşqçi Milinko Pantiçlə münasibətinizin yaxşı olmadığı deyilir...

- Yalan söhbətdir. Pantiçlə çox yaxşı münasibətimiz var.

 

- Hazırda milli komandanın düşərgəsindəsiniz və qarşıda ABŞ yığması ilə yoldaşlıq oyunu var. Bu oyunla bağlı nə deyə bilərsiniz?

- Maraqlı oyun olacaq. Düzdür, uzaq yol qət edib Amerikaya getsək də bizim üçün yaxşı təcrübə olacaq. Ola bilər müəyyən yorğunluq olsun. Bu da təbiidir. Rəqibimiz dünya çempionatında mübarizə aparacaq komandadır. Yoldaşlıq görüşü olduğundan ola bilsin bir qədər özlərini qorusunlar. Uzun yol qət edib gəlmişik, çalışacağıq ki, yaxşı nəticə əldə edək.