Rəhim Həsənov: “Neftçi” hara, qələbə hara?..
07.02.2014 - 17:09
Rəhim Həsənov: “Neftçi” hara, qələbə hara?..

Topaz Premyer Liqasının XX turunun “Xəzər Lənkəran” – “Neftçi” matçına təyinat alan Rəhim Həsənov mövsümdə ikinci dəfə “Böyük oyun”da fit çalacaq. Apasport.az saytının məlumatına görə, 2013-cü il oktyabrın 23-də cənubluların 2:1 hesablı qələbəsi və Superkuboku qazanması ilə başa çatan görüşdə də FİFA referisi söz sahibi idi.

 

Həmin qarşılaşmada Sadio Tounkaranı meydandan qovan referi cənubluları 26 dəqiqə azlıqda oynamağa məcbur etmişdi. Lakin “Neftçi” bu say üstünlüyündən yararlana bilməmişdi.

 

Ümumiyyətlə, mövsümdə 16 çempionat və 1 Superkubok matçında ədaləti qoruyan Həsənov 7 qırmızı vərəqə göstərib. 4 dəfə meydan sahibləri, 2 dəfə qonaqlar, 1 dəfə isə neytral meydanda çıxış edən komanda cəzalanıb. Mövsümdə cəmi 2 penalti qərarı verən Həsənov hər iki halda qonaqları cəzalandırıb. Onun idarə etdiyi matçlarda 9 dəfə meydan sahibləri, 4 dəfə qonaqlar qalib gəlib və 3 heç-heçə qeydə alınıb.

 

Superkubokdan başqa 1 dəfə də “Xəzər Lənkəran”la yolları kəsişən hakim cənubluların “Qarabağ”la səfər oyununda ağdamlıların qələbəsinə şahid olub – 2:0.

 

4 dəfə “Neftçi”nin matçında baş hakim olan Həsənov bakılıların qələbəsini görməyib. Superkubokdan başqa, bakılıların “İnter”ə 1:3 və “Bakı”ya 0:3 hesablı yenilgisində fit çalan referi “Qarabağ”la qolsuz heç-heçə qeydə alıb. Bu matçlarda “Bakı”nı 9 nəfərlə qoyan ədalət təmsilçisi yenə darmadağın görüb. “Ağ-qaralar”ı isə “İnter”lə görüşdə azlıqda qoyub.