Azərbaycan kubokunun sabah keçiriləcək “Qəbələ” – “Qarabağ” oyununu idarə edəcək Rəhim Həsənov mövsümdə 23-cü dəfə meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, 21 çempionat və 1 kubok qarşılaşmasında fit çalan FİFA referisi meydan sahibləri üçün düşərli hakimdir.
Belə ki, onun idarə etdiyi qarşılaşmalardan yarısında - 11-də meydan sahibləri qalib gəlib, 5-də heç-heçə qeydə alınıb və 6 matçda qonaqlar üstün olub.
Həsənov 7 dəfə meydan sahibləri, 7 dəfə qonaqlara qırmızı vərəqə göstərib. Ədalət təmsilçisi səfərdə oynayan komandanı 3 penalti ilə də cəzalandırıb.
Sabahkı matç hər iki komanda üçün Həsənovla 6-cı görüş olacaq. “Qəbələ” FİFA hakiminin idarə etdiyi 5 qarşılaşmada 5 qələbə qazanıb. Bu oyunlarda həm əyalət təmsilçisi, həm də onun rəqibləri 1 penalti zərbəsi vurub. Ağdam təmsilçisi isə 2 qələbə qazanıb, 2 heç-heçə edib və 1 dəfə uduzub. Həsənov ağdamlıların lehinə 1 penalti zərbəsi təyin edib.