Zədə üzündən “Qəbələ”nin hazırlıqlarında iştirak etməyən yarımmüdafiəçi Rəşad Sadiqovla müdafiəçi Ruslan Əmircanovun problemi ciddi deyil. Apasport.az-ın gabalafc.az saytına istinadən məlumatına görə, hər iki futbolçu tezliklə kollektivə qoşulacaq.
“Xəzər Lənkəran”la fevralın 19-da keçirilən XXIII tur matçının 82-ci dəqiqəsində meydana daxil olan, cəmi 2 dəqiqə sonra əvəzlənmək zərurəti yaranan Sadiqovun durumu qənaətbəxşdi. Maksimum bir həftəyə onun durumu tam düzələcək. Yarımmüdafiəçi gələn həftədən komandanın məşqlərinə qatıla biləcək.
Mövsümün ilk yarısında aldığı zədədən sonra əməliyyat olunub, komandaya qayıdan Ruslan Əmircanov isə 2015-ci ildə yalnız “Bakı” ilə oyunda meydana çıxıb. Lakin III dövrənin ilk oyunundan sonra yenidən ağrılar hiss edib. Bu üzdən onun yenidən Türkiyəyə yollanması, əməliyyatı gerçəkləşdirən həkim tərəfindən təkrar müayinə edilməsi məqsədəuyğun bilinib. Əmircanovun müayinəsinin nəticələri də artıq məlumdu. Onun da durumunda ciddi problem yoxdu. Futbolçu bu həftə ölkəmizə qayıdacaq. O da gələn həftədən komandanın məşqlərinə qatıla biləcək. Hər iki futbolçu martın 4-də baş tutacaq kubok matçına hazır ola bilər.
Qeyd edək ki, “Qəbələ” fevralın 28-də Topaz Premyer Liqasının XXIV turu çərçivəsində “Qarabağ”la səfərdə, martın 4-də Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Simurq”la evdə qarşılaşacaq.