[b]Rəşadın gerçəkləşən xəyalı[/b]
09.12.2014 - 14:09
[b]Rəşadın gerçəkləşən xəyalı[/b]

“Çox çətin oyun olacaq. İtaliya çempionatında mübarizə aparmağın necə çətin olduğunu hamı yaxşı bilir. Bu mənada, italyan klubu ilə beynəlxalq matçda qarşılaşmaq bizim üçün xəyal idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov deyib.

 

O, UEFA-nın rəsmi saytına açıqlamasında “İnter”in ikinci heyətinə qarşı oynamağın da çətin olduğunu vurğulayıb: “Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.  İnformasiya yayılıb ki, Roberto Mançini əsas oyunçuları Bakıya gətirməyəcək. Bunun xeyrimizə olduğuna əmin deyiləm. Çempionatda oynamaq şansı əldə etməyən gənclər baş məşqçinin inamını qazanmaq üçün əllərindən gələni edəcəklər. Bu isə onu göstərir ki, bizi az problem gözləmir”.

 

Azərbaycan yığmasının da kapitanı olan 32 yaşlı müdafiəçi heyətdəki problemlərdən gileylənib: “Aparıcı oyunçularımızın yoxluğunda məqsədə çatmalıyıq. Üç braziliyalı oyunçumuz zədəlidi. İnnosent Emeqara isə Avroliqanın qrup oyunları üçün qeydiyyatdan keçirilməyib. Buna baxmayaraq, biz doğma azarkeşlərimiz və mətbuatımızın önündə oynayacağıq. Qısası, böyük məsuliyyət daşıyırıq. Səbirli olmalı, Allahın bizə kömək edəcəyinə ümid etməliyik.

 

Sadıqov “İnter”lə oyunu millinin heyətində keçirdiyi matçlarla müqayisə edib: “Təbii ki, bu görüş bizim üçün xüsusidi. Amma millinin heyətində daha böyük oyunlar keçiririk. “Pley-off”da “Tvente” ilə keçirdiyimiz oyun da vacib idi. Karyeram ərzində bundan da vacib görüşlər keçirmişəm. Ancaq “İnter”lə oyunun da unudulmaz olacağına inanıram”.