“İnter”in futbolçusu Baçana Sxadadze cari mövsümdə 1 komandanın qapısına vurulan qolların sayında rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, XXVIII turun “Rəvan”la oyununda fərqlənən gürcüstanlı hücumçu bu rəqibin qapısına vurduğu qolların sayını 5-ə çatdırıb.
IV turda het-trik müəllifi olan Sxadadze XII turda rəqibini daha 1 dəfə məyus edib. III dövrənin XX turunda “Rəvan”ın bəxti gətirib ki, Sxadadze meydana çıxmayıb. Çünki hər qarşılaşmada bu komandanı məyus edən gürcüstanlı dünən də qol sevinci yaşamağı bacarıb. Bununla, Sxadadzenin “Rəvan”a qarşı meydana çıxdığı 3 oyunda vurduğu qolların sayı 5-ə çatıb.
Onadək yalnız 1 futbolçu eyni rəqibə 5 qol vurub. Söhbət çempionatın bombardiri Reynaldo Silvadan gedir. Braziliyalı iki rəqibi üçün kabusdur. Özü də “Qarabağ”ın legioneri 1 deyil, 2 komandanın qənimidir. Cənubi amerikalı “Sumqayıt”a da, “Neftçi”yə də 5 qol vurub. Sxadadzedən fərqli, Reynaldo hər iki “asan yem”i ilə IV dövrədə də görüşəcək. Braziliyalı sumqayıtlılar üçün ümumiyyətlə kabusdur. Çünki hər 3 oyunda rəqibini məyus edən yarımmüdafiəçi II və XXVII turlarda dubl, X turda isə 1 qolla autsayderi “kötəkləyib”. Reynaldonun tar-mar etdiyi “Neftçi”ni I dövrədə deyil, digər 2 matçda üzüb. XVI turda dubl müəllifi olan braziliyalı XXIV turda het-trikə imza atıb.