Aprelin 5-də fransalı futbolçu Frank Riberinin “Frank” adlı bioqrafik kitabı işıq üzü görüb. Apasport.az saytının məlumatına görə, müsəlmanlığı qəbul edən futbolçu həyatından razı olduğunu bildirib.
Kitaba girişdə bəzi şəxslər Riberi haqqında ürək sözlərini yazıblar. Onlardan biri futbolçu Daniel van Byuten olub: “Futbolda dostlar çox deyil. Frank isə həyatımın dostudur”.
Riberi bioqrafik kitabında üzündəki eybəcərlik barədə yazıb: “Məni uşaqlıqda Kvazimodo adlandırırdılar. Təsəvvür edirsinizmi? Bu adamı çox yaralayır. Mən öz hirsimi futbola qoyurdum. Bu eybəcərlik olmasaydı, mən adi oğlan olardım. İndi güclü xarakterim və qələbəyə doğru qeyri-adi iradəm var. Bu gün öz sifətimi sevirəm. Və həyatımı sevirəm”.
Fransız futbolçu tikintidə işlədiyi illəri də xatırlayır: “Atam mənə dedi ki, qazma aparatını əlimə götürərək özümü sınayım. Ağır aparatı əlimə götürərək işləməyə başlayanda, aparat əlimdən çıxaraq harasa uçdu. O zaman başa düşdüm ki, atamın işi necə ağırdır və bu iş mənlik deyil. Mənə futbolçu olmaqdan başqa heç nə qalmırdı”.