Robben “Mançester Yunayted”i həndbol komandası adlandırdı
02.04.2014 - 21:18
Robben “Mançester Yunayted”i həndbol komandası adlandırdı

 

 

“Bavariya” futbol klubunun yarımmüdafiəçisi Arien Robben “Mançester Yunayted”in Çempionlar Liqasında oyununa maraqlı bənzətmə tapıb. Apasport.az saytının məlumatına görə, hollandiyalı hücumçu rəqiblərinin “həndbol taktikası” seçdiklərini bəyan edib.

 

“Sadə deyildi, çünki bizim rəqibimiz heç bir azad zona qoymamışdı” - deyə, Robben gileylənib: “Biz futbol oynamaq istəyirdik, ingilislər isə bizi dayandırırdı. Onlar sadəcə əks-hücumlarda fəaliyyət göstərirdilər, dərin müdafiəyə çəkilmişdilər. Bu sadəcə həndbola oxşayırdı. Komanda geriyə düşəndə və sonra hesabı bərabərləşdirəndə, oyundan razı qalmalısan. 1:1 hesabı çox gözəl nəticədir. Bu nəticə ilə bir həftə sonra meydana çıxaraq işi başa çatdırmaq olar”.

 

“Bavariya”nın digər oyunçusu Toni Kroos da oyunun ağır olduğunu bildirib: “Biz əvvəldən axıra kimi üstünlüyü əlimizdə saxladıq. Amma bütün oyunçularını daima öz cərimə meydanının yaxınlığında saxlayan komandaya qarşı oynamaq sadə deyil”.