[b]Robert Prosineçki: Milli komanda hücum etməyi öyrənməlidi[/b] - MÜSAHİBƏ
03.12.2014 - 14:00
[b]Robert Prosineçki: Milli komanda hücum etməyi öyrənməlidi[/b] - MÜSAHİBƏ

"11 gündü Bakıdayam. Bir neçə oyunu stadiondan canlı izləmişəm. İndiyə qədər gördüklərimdən çox razıyam”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin yeni baş məşqçisi Robert Prosineçki deyib.

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclasında yığmamızın baş məşqçi postuna təsdiqlənən 45 yaşlı xorvatiyalı mütəxəssis media nümayəndələrinin suallarını cavablandırıb. Prosineçki bildirib ki, ölkəmizə gəldiyi gündən Bakıdan, Azərbaycandan və futbolumuzdan razıdı: “Gördüyüm oyunçular məni qane edir. Əlimdən gələni edəcəm ki, Azərbaycan futbolu irəli getsin”.

Azərbaycanda yaşayacağını bildirən xorvatiyalı mətbuata açıq olacağını da vurğulayıb: “AFFA-nın prezidenti Rövnəq Abdullayevə də dedim ki, burada yaşayacam, ailəm Bakıda qalacaq. Bu mənə çox kömək edəcək. Mətbuatla da əlaqəm yaxşı olacaq. Sualları mənə verə bilərsiz”.


- Sizlə çalışacaq yerli məşqçiləri müəyyənləşdirmisiniz?
- Bir neçə görüşlər keçirmişəm və bu, davam edəcək. Baş katiblə danışacam. Yerli köməkçilərin adları ilin sonuna qədər bilinəcək.


- Sizdən əvvəlki baş məşqçi Berti Foqts köməkçiləri Aslan Kərimov və Mahmud Qurbanovla məsləhətlər aparmırdı. Bəs siz necə, yerli köməkçilərin məsləhətini dinləyəcəksiniz?
- Mən stadionlarda oyunları canlı izləyəcəm. Sözsüz ki, köməkçilərimlə də danışacam. Bundan əlavə, Məşqçilər Komitəsi ilə də ünsiyyətdə olacam. Onların məsləhətlərinə həmişə qulaq asacam.


- Ölkəmizə gəlməmişdən öncə Azərbaycan futboluna bələd idiniz?
- Təbii ki... Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Xorvatiya - Azərbaycan matçını canlı izlədim. Həmçinin, 10 gündü çempionat oyunlarına da baxıram. Bundan əlavə, klubların qış toplanışına da gedəcəyəm.


- Azərbaycanda bəyəndiyiniz futbolçu varmı?
- Var, amma onların adlarını açıqlamaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, istedadlı futbolçu az deyil. İlk növbədə, "Neftçi" və "Qarabağ" klublarında elə oyunçular var ki, onlar milliyə kömək edə bilərlər. Vaxt gələcək ad çəkəcəyəm, amma bunu indi demək istəmirəm. Azərbaycanda futbolçu potensialı var.


- Foqtsdan sonra Azərbaycan millisinə rəhbərlik etməyin çətin olduğunu anlayırsınız? Komanda son 4 oyunda məğlub olub, azarkeşlər millidən xal gözləyir...
- Mən məşqçi kimi həmişə optimist olmuşam. Komandanın üzərində çox çalışacağıq. Bayaq dediyim kimi, potensiallı oyunçular var. Bəli, biz İtaliya və Xorvatiyanı məğlub edə bilmərik. Amma ən azından, bundan yaxşı futbol göstərə bilərik. Son məğlubiyyətlərdən sonra komandada fiziki durum yerində deyil. Bunun üzərində işləyəcəyik. Növbəti oyuna kimi hazır olmalıyıq.


- Foqts 6 ildə yığmaya dağıdıcı futbol aşılamaq istəsə də, alınmadı. Siz hansı oyun tərzini seçəcəksiz? Bizim yaradıcı futbol göstərmək imkanımız varmı?
- Məncə, Azərbaycan millisi müdafiədə oynamağa vərdiş edib. İndi biz hücum etməyi öyrənməliyik. Görürəm ki, texniki cəhətdən güclü futbolçularımız çoxdu. Amma bunu etmək çətin olmayacaq.


- Gəncləşdirmə siyasəti aparılacaqsa, Rəşad Sadıqov kimi təcrübəli futbolçular yığmaya çağırılmayacaq?
- Hər futbolçunun millidə oynamaq imkanı var, eləcə də təcrübəlilərin. Hamısı ilə söhbət edəcəyəm. Təbii ki, millidə yeni adlar olacaq. Amma bu, o demək deyil ki, təcrübəlilərdən imtina edəcəyik. Futbolçulardan çox şey asılıdı, onlar özlərinə inanmalıdırlar.


- Aşağı yaş qrupları üzrə millidən də əsas komandanın oyun tərzində çıxış etmələri tələb olunacaq?
- Uşaq futbolu və gənclər yığması mənim üçün çox vacibdi. Oyun fəlsəfəsinə gəldikdə, bununla bağlı AFFA prezidenti ilə danışmaq istəyirəm. Həmin komandaların məşqçiləri ilə söhbət edəcəm. Hücum və ya müdafiəyəyəmeylli futbol oynadıqlarını özlərindən soruşacam. Bütün bunları biləndən sonra nəsə etməyə çalışacam.


- İslahatlara 6 ildi Foqtsla çalışan yanınızdakı tərcüməçi Aydın Rüstəmov başlamaq istəmirsiz?
- (gülür). Yaxşı təklifdi, buna da baxarıq.


- U-21-in baş məşqçisi hələ bəlli deyil. Siz AFFA prezidentinə həmin posta da xorvat məşqçinin gətiriləcəyini təklif edəcəksiz? Milli ilə ilk tanışlığınız nə vaxt olacaq?
- Xorvat məşqçi ilə bağlı mən nəsə deyə bilmərəm. Çünki U-21-in baş məşqçisinin kim olacağı ilə bağlı məndən soruşmayıblar. Əgər soruşsalar, öz təklifimi edəcəm. Sualınızın ikinci hissəsinə gəldikdə, dekabrın sonuna kimi burdayam. Futbolçuların vaxtları olsa, məşqdən öncə də görüşəcəm. Fevralın sonlarında isə 6-7 günlük təlim-məşq toplanışı keçirməyi planlaşdırırıq. Amma milli üzvləri ilə yanvarda - ən azından klubların düşərgəsində də görüşmək istərdim.


- Foqtsun vaxtında tez-tez toplanışlar təşkil edilirdi və bu, klubların narazılığına səbəb olurdu. Siz bu mənada iş prinsipinizi necə planlaşdırırsız?
- Təbii ki, Foqts bunu etməklə millini düşünüb. Bunun komandaya xeyri çoxdu. Amma mən təlim-məşq toplanışlarının tez-tez təşkil edəcəm, ya yox, bunu bilmirəm? Analizlər apardıqdan sonra bunu biləcəm.


- Foqtsun Almaniya klubları ilə əlaqəsi yaxşı idi. Bəs sizin necə, Xorvatiya klubları, xüsusilə Zaqreb "Dinamo"su münasibətiniz necədi? Gələcəkdə azərbaycanlı futbolçuların xorvat klublarına keçmək şansı varmı?
- Ümid edirəm ki, millinin üzvləri güclü komandalarda çıxış edəcəklər. Deməzdim ki, Xorvatiya çempionatı güclüdü. Azərbaycanlı futbolçular daha yüksək liqalarda oynamaq iqtidarındadılar.