[b]Robert Prosineçki: Azərbaycanda yaxşı sol cinah müdafiəçisi yoxdu[/b]
23.02.2015 - 12:45
[b]Robert Prosineçki: Azərbaycanda yaxşı sol cinah müdafiəçisi yoxdu[/b]

"İlk dəfədi bir yerdəyik. Təlim-məşq toplanışı keçirik. Məşqlərə 2 gündü başlamışıq. Şərait yaxşıdı. Komandadan razı qalmışam". Apasport.az saytının məlumatına görə, bu sözləri Antalyada təlim-məşq toplanışında olan millimizin baş məşqçisi Robert Prosineçki deyib.

Toplanışı dəyərləndirən xorvatiyalı çalışdırıcı futbolçulardan razı qaldığını bildirib: "Oyunçularda motivasiya çox yüksəkdi. Nizam-intizam da əla vəziyyətdədi. Maksim Medvedev yüngül zədəsinə görə evə qayıtdı. Onu müayinədən keçirdik, gördük ki, saxlamağın mənası yoxdu. Göndərdik ki, müalicə alsın. Birinci məşq bərpa prosesi idi. Çünki ondan qabaq çempionat oyunlarına çıxmışdılar. İkinci məşqdə fiziki yükləmələr oldu. Futbolçular istəyimi tam yerinə yetirdilər. Bu onu göstərdi ki, potensialları var. Düzdü, vaxtımız azdı. Amma Malta ilə oyunöncəsi də hazırlıq keçəcəyik".

 

- Məşqlərdən də görünür ki, yığmamıza hücum futbolunu oynatmaq istəyirsiz. Bu, konkret Malta ilə oyuna hesablanmış proqramdı, yoxsa bundan sonra millimiz sırf hücum futbolu sərgiləyəcək?

- Sözsüz ki, hücum xəttinə üstünlük veririk. Mən Antalyaya gələndə demişdim ki, bütün məşqlər Malta ilə oyun üçün qurulub. Mən istəyirəm ki, komandam hücum futbolu oynasın. Amma müdafiəyə də fikir verməliyik.

 

- Rəşad Sadıqov dünən fərdi məşq etdi. O, "Şaxtyor"la yoxlama oyununda iştirak edə biləcəkmi?

- Rəşadda yüngül zədə var. Dünən risk etmək istəmədik, buna görə də fərdi məşq etdi. Tibbi müayinəyə gedib. Zədəsinin nə dərəcədə ciddi olması ondan sonra bilinəcək. Rəşadın sabahkı oyunda iştirakı vacib deyil. Əsas odu ki, gələn ay Maltaya qarşı oynasın. Malta ilə matçda oynatmağı fikirləşdiyim futbolçular təki zədə almasınlar, həmin vaxt tam hazır olsunlar.

 

- Ruslan Abışovu hansı mövqedə oynadacaqsız? Böyükağa Hacıyev deyir ki, o, dayaq yarımmüdafiəsində daha çox xeyir verir...

- Ruslanın həmin mövqedə oynamasını görmüşəm. Klubda müdafiəçi mövqeyində çıxış edir. Sabah Rəşad oynamasa, müdafiənin mərkəzində Ruslan çıxış edəcək. Böyükağa Hacıyev Azərbaycan futbolunu yaxşı bilir. Onun fikirlərinə hörmətlə yanaşıram.

 

- Qara Qarayev və Coşqun Diniyev kimi gənc futbolçular iddialı açıqlamalar veriblər. Qısa müddətdə futbolçularda özünəinam hissini necə yarada bilmisiz?

- Bunu eşitmək mənə çox xoşdu. 3 gündü bir yerdəyik. Qısa zamanda özlərinə inanmağa başlayıblar. Oyunçularla fərdi söhbət etmişəm. Komanda ilə birgə də danışmışam. Mən səmimi insanam. Sizə də onları deyirəm, özümdən heç nə uydurmuram. Futbolçulara demişəm ki, kimin millidə nə qədər oynamasının mənim üçün fərqi yoxdu. Mənim üçün vacibdi ki, sistemimə uyğun, formada olan oyunçu olsun. Mən onlara üstünlük verəcəyəm. Burda olan 22 oyunçu və xarici klublarda çıxış edib, icazə ala bilməyənlər və "Neftçi"nin üzvləri hamısı doğmadı. Onlar millidə oynamağa layiq futbolçulardı. Mən məşqçi kimi əlimdən gələni edəcəm ki, futbolçular özlərinə inansınlar. Başa düşsünlər ki, hər rəqibə qarşı çıxıb oynamalı, çəkinməməlidilər. Əsas odu ki, mən və siz yox, oyunçuların özləri buna inansınlar. Çalışacam ki, Azərbaycan yığması qısa zamanda gözəl futbol oynasın. Ən azından, Bakıya gələnlər hiss etsinlər ki, yaxşı komandaya qarşı oynayırlar. Azərbaycanlı futbolçularda bu potensial var.

 

- Hücum futboluna üstünlük verəcəyinizi deyirsiz. Millinin əksər üzvləri çempionatımızda çıxış edən komandalardan gəlirlər. Nəzərə alsaq ki, Premyer Liqamızda az qol vurulur, bizim futbolçuların oyun fəlsəfəsini necə dəyişdirəcəksiniz?

- Dəyişdirmək asan deyil. Bu seçmə mərhələdə 4 oyun keçirmişik, 1 qol vurmuşuq. Bütün oyunları izləmişəm. Gördüm ki, əvvəllər ancaq müdafiə düşünülüb. Mən bunu dəyişmək istəyirəm. Futbolçuların mentalitetini dəyişdirmək istəyirəm ki, onlarda qalib ruhu formalaşsın. O demək deyil ki, 8 futbolçu ilə qabağa gedəcəyik. Futbolda müdafiə də çox vacibdi. Amma baxımlı, gözəl oyun göstərməliyik. Hər futbolçu bilməlidi ki, o, öz vətəni üçün oynayır. Görsəm ki, hansısa futbolçu əlindən gələni etmir, onu bir daha millidə görməyəcəksiz.

 

- Toğrul Erat, Dmitri Nazarov və Cihan Özkara kimi milliləşdirilmiş futbolçuları və legioner həyatı yaşayanları Malta ilə oyunöncəsi toplanışa çağırmaq fikriniz varmı?

- Biz hər şeyi açıq danışmalıyıq. Mən və köməkçilərim xaricdə oynayan futbolçuların çıxışını hər dəfə analiz edirik. Maraqlanırıq ki, klublarında neçə dəqiqə oynayırlar. Nazarov 20 dəqiqə, yarım saat çıxış edir. Lakin əsas heyət oyunçusu deyil. Mahir Şükürov əsas heyətdə daim yer alır. Cavid İmamverdiyev az oynayır. Vaqif Cavadov "Boluspor"a keçəndən sonra 10-12 dəqiqə çıxış edir. Eddi İsrafilov dünyanın güclü liqalarından birində çıxış edir, amma fakt budu ki, o da hazırda oynamır. Tuğrul Erat da 10-15 dəqiqə meydanda olur. Amma bir neçəsini millinin heyətində görəcəyik.

 

- Eddi İsrafiovdan danışdız. Klubunda oyun praktikası olmayan futbolçu Prosineçkinin çalışdırdığı millidə yer bilərmi?

- İspaniya La Liqasında oynamamaq bir az fərqlidi. Amma Türkiyədə oynamamaq... O çempionatın səviyyəsini aşağı salmaq istəmirəm, məni düzgün başa düşün.  Məşqçi kimi istərdim ki, legioner həyatı yaşayan futbolçularımızın hamısı oynasınlar. 

 

- Klubsuz Anton Krivotçuku milliyə çağırdığınız üçün tənqid olunduz. Sizcə, o, əsas millidə özünə yer tuta biləcəkmi?

Nəyə görə Antonu milliyə çağırmağımla bağlı sizə bir sirr açacam. Azərbaycanda yaxşı sol cinah müdafiəçisi yoxdu. Bu problem çoxdan mövcuddu. Mən yanvarda onu Antalyada izləmişəm. Antonu biz Malta ilə matçda oynatmayacağıq. Amma gələcəkdə mən onu millidə görürəm. 17 yaşı var. Toplanışa dəvət etmişəm ki, əsas millidəki atmosferi, ab-havanı canlı yaşasın. Gördüyüm odu ki, U-17 çox güclüdü. Həmin millidə çıxış edən başqa futbolçuları da gələcəkdə əsas yığmada görə bilərik. Mən gənc oyunçularla bağlı bu təcrübəni gələcəkdə də davam etdirəcəm.

 

- Xorvatiyalıların belə bir atalar sözü var: Bir göyərçinlə bahar olmur. Azərbaycanda yetərli qədər göyərçin varmı?

- Mən potensialı, keyfiyyəti görürəm. Çox olmasa da, var. Bəli, Avropa ölkələrinin çempionatları ilə müqayisə edəndə Azərbaycan çempionatının səviyyəsi aşağıdı, sürət azdı. Amma mən azərbaycanlı futbolçularda keyfiyyət görürəm. Ardıcıl 4 məğlubiyyətdən sonra futbolçuya özünəinamı qaytarmaq asan iş deyil. Özü də son matçda 0:6 hesabı ilə uduzublar. Əlimizdən gələni edəcəyik ki, İtaliya və Xorvatiya yığmaları kimi komandalar Bakıya gələndə ehtiyat etsinlər. Demirəm ki, onları məğlub edəcəyik. Amma ən azından Bakıya gələndə çətin səfərə çıxdıqlarını desinlər.

 

- Nurlan Novruzov nəyə görə millinin Antalya toplanışına çağırılmayıb?

- Statistikaya baxanda, haqlısız: çempionatda 10 qol vurub. Amma mən öz sistemimdə onu görmürəm. Çünki mənim sistemimə uyğun futbolçu deyil.

 

- Elvin Məmmədovun hazırkı səviyyəsi sizi qane edirmi? Futbolçu ikən yarımmüdafiəçi olmusuz. Öz mövqeyinizdə bacarıqlı futbolçular varmı?

- Özüm barədə danışmaq istəmirəm. Ümid edirəm ki, biz Azərbaycanda hər mövqedə yaxşı futbolçular tapacağıq. Mənim bütün futbolçularla bağlı məlumatım var. Elvinin necə futbolçu və insan olduğunu bilirəm. Zədə almamışdan öncə aparıcı oyunçulardan olub. Qış hazırlığında "İnter"in heyətində oyunlara çıxıb. Hiss olunur ki, formasını bərpa edir. Onu bu toplanışda canlı görmək istəyirdim.

 

Tengiz MƏMMƏDOV