[b]Robert Prosineçkinin köməkçilərinin adları dəqiqləşdi[/b]
04.12.2014 - 17:51
[b]Robert Prosineçkinin köməkçilərinin adları dəqiqləşdi[/b]

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin  yerli köməkçiləri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, dünən təqdimat mərasimi keçirilən xorvatiyalı mütəxəssisə 3 həmyerlimiz kömək edəcək.

 

Bunlar Mahmud Qurbanov, Elxan Abdullayev və Faiq Əzizovdu.

 

Həm Elxan Abdullayev, həm də Mahmud Qurbanov apasport.az-a açıqlamasında xorvatiyalı çalışdırıcı ilə görüşdüyünü qeyd edib. Hər iki mütəxəssis tam təsdiqləməsə də, dolayı yolla köməkçi məşqçi kimi çalışacağına işarə vurub. Elxan Abdullayev həmkarı ilə müqayisədə daha açıq danışıb: “Bəli, etiraf edirəm ki, bu vəzifəyə namizədlərdən biri də mənəm. Bununla bağlı Prosineçki ilə görüşümüz də oldu. Mən ona bəzi suallar verdim. Amma son sözü yenə də baş məşqçi və AFFA rəhbərliyi deyəcək. Belə olarsa, böyük şərəflə milli komandada çalışaram”.

 

Mahmud Qurbanov hələ Berti Foqtsun vaxtından yığmamızda çalışır. Hətta almaniyalı məşqçinin istefasından sonra Qurbanov millini Norveçlə rəsmi matça da çıxarıb. AZAL-ın baş məşqçisi postundan ayrıldıqdan sonra bir müddət işsiz qalan Elxan Abdullayev də Foqtsun ilk köməkçilərindən olub. Amma sonradan yığmadan ayrılıb. Faiq Əzizov isə qapıçılarla çalışacaq. Bir müddət Səudiyyə Ərəbistanında çalışan mütəxəssis bundan sonra millidə işləyəcək.

 

Qeyd edək ki, əvvəlki korpusda yer alanlardan Aslan Kərimovla Rauf Mehdiyev bu dəfə kənarda qalıb.