Əfsanəvi braziliyalı futbolçu Romario Braziliya millisinin Almaniyaya 7:1 hesablı məğlubiyyətini böyük utanc kimi dəyərləndirib. Apasport.az saytının məlumatına görə, artıq siyasətlə məşğul olan və millət vəkili statusunu daşıyan 48 yaşlı Romario bəzi şəxslər üçün həbs cəzası tələb edib.
Romario Braziliya futbolunun hər keçən gün daha da pisləşdiyini vurğulayıb: “Topa zərbə endirməyi belə bacarmayan insanlar iş başına gətirilirlər və onlar futbolumuzu aşağıya doğru çəkirlər. Lüks kreslolarda oturub, milyonları mənimsəyirlər”.
Futbolçuların və baş məşqçinin günahının olmadığını vurğulayan deyən Romario məmurları hədəf götürüb: “Braziliya Futbol Federasiyasının başqanı Joze Maria Marin və onun müavini həbs edilməlidirlər”.