2014-cü ilin ən məhsuldar futbolçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin ilk rüblüyündə keçirilən beynəlxalq oyunların bombardirlərinin siyahısını müəyyənləşdirib.
İlin ilk 3 ayının yekunlarına əsasən tərtib olunan siyahıya milli komanda və qitə kuboklarında ən azı 4 qol vuranlar daxil olub. İFFHS-in cədvəlində 33 oyunçu ter alıb.
ilk “10-luq”da 7 afrikalı, 2 asiyalı və 1 avropalı yer alıb.
Hazırda planetin ən məhsuldar oyunçusu mərakeşli Muhsin Yajurdur. Afrikalı hücumçu millidə 2, “Raca Kasablanka” klubunda 5 dəfə fərqlənib. Ötən ayla müqayisədə siyahıda peyda olan ilk avropalı Kriştianu Ronaldonun hesabında 6 qol var. Portuqaliya millisində 2 dəfə fərqlənən hücumçu İspaniya “Real”ında 4 qola sevinib. 3-cü olan Haytem Juini Tunis yığmasında rəqib qapılarına yol tapmasa da, “Esperansa”da 6 dəfə fərqlənib.
Qeyd edək ki, ilin ilk 3 ayında azərbaycanlı futbolçuların yeganə qoluna Elvin Yunuszadə imza atıb. Müdafiəçi milimizin Filippinlə görüşündə fərqlənib.