Ruben Şaken: O, daha iddialı çempionatda oynamaq gücündədi
12.02.2015 - 12:28
Ruben Şaken: O, daha iddialı çempionatda oynamaq gücündədi

“Yordi Klasinin potensialına bələdəm. Onun necə futbolçu olduğunu çox yaxşı bilirəm. Mən “Feyenoord”da çıxış edəndə yaxın idik, tez-tez məsləhət verirdim. Azərbaycana köçsəm də, yenə Klasinin çıxışını diqqətlə izləyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun hollandiyalı hücumçusu Ruben Şaken deyib.

 

Hollandiya mətbuatına açıqlamasında “Feyenoord”dakı sabiq komanda yoldaşı, 23 yaşlı Klasini tərifləyən Şaken onun “Barselona”da oynaya biləcək futbolçu olduğunu qeyd edib: “Hollandiya çempionatında Yordinin meydana çıxdığı ilk oyunları yaxşı xatırlayıram. Biz ona dəstək olmuşduq. Artıq hazır futbolçuya çevrilib. Daha iddialı çempionatlarda oynamaq gücündədi. Yordinin gec-tez “Barselona”ya keçəcəyinə inanıram. Çünki Klasi uzun müddətdi bu klubun diqqət mərkəzindədi. Əminəm ki, o, “Barselona”da özünü yaxşı tərəfdən göstərə bilər”.

 

Qeyd edək ki, “Feyenord”un yetirməsi olan Klasi 2010-cu ildən əsas komandada çıxış edir. Hazırda “İnter”in formasını geyinən Şaken isə 2010-2015-ci illərdə Rotterdam təmsilçisinin şərəfini qoruyub.