“Mançester Yunayted”in və İngiltərə yığmasının hücumçusu Ueyn Runi dünya çempionatından öncə psixoloqun xidmətindən istifadə etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, Runi bunun onun oyununu yaxşılaşdıracağına əmindir.
Futbolçu 8 oyundan ibarət qolsuz seriyaya son qoymaq niyyətindədir. O, Portuqaliyada iki mütəxəssisin rəhbərliyi altında təlim keçəndən sonra milli komandanın psixoloquna müraciət edəcək: “Mən onunla söhbət edəcəyəm. Görək kömək edirmi. Əvvəllər belə şey etməmişəm. Amma ziyanı olmaz. Sübut etmək istəyirəm ki, əvvəlki səviyyədə oynaya bilərəm. 2018-ci ildə artıq yaşlı olacağam. Ona görə də, bu, mənim üçün sonuncu böyük turnirdir”.